Bu il Ramazan və Novruz bayramlarının üst-üstə düşməsi ilə on gündən çox davam edən istirahət günləri xüsusilə yerli turistləri fəallaşdırıb.
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimovun sözlərinə görə, Körfəz ölkələrində baş verən və hələ də davam edən müharibə şəraiti oradan gələn turist sayında azalmaya səbəb olsa da, daxili turizm xeyli aktivləşib.
Bu günlərdə Qəbələ qoruğuna gələnlər tarixi məkanları – Antik şəhər yeri, Səlbir və Qala ərazilərini maraqla gəzib. həmçinin Arxeoloji mərkəzin sərgi salonlarında nümayiş etdirilən eksponatlara baxıblar. Ziyarətçilərə Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidmətləri göstərilib, ərazidə aparılmış arxeoloji qazıntılar, tapıntılar barədə ətraflı məlumat verilib.
Direktorun sözlərinə görə, bayram tətili günlərində qoruğu ziyarət edən əcnəbilər arasında Rusiya, Cənubi Afrika Respublikası, Türkiyə və Polşadan gələnlər üstünlük təşkil edib.
Türkiyəli Güney Karaca qoruğun xatirə kitabına öz təsərrüatını belə qeyd edib: “Qəbələ Dövlət Tarix-Bədii Qoruğu hafizəmdə çox gözəl qaldı. Xüsusilə Qəbələ Arxeoloji Mərkəzi nadir məkandır. Türkiyəyə qayıdanda yaxınlarıma və tanışlarıma bura barədə danışacağam”.























