Dünya Teatr Günü (27 mart) münasibətilə Naxçıvan Dövlət Kukla Teatrında zəngin və yaddaqalan səhnə proqramı təşkil edilib.

Teatrdan verilən məlumata görə, gün ərzində uşaqlar və böyüklər üçün tamaşalar təqdim olunub.

Əvvəlcə balacalar üçün “Qoğalın sərgüzəşti” tamaşası nümayiş etdirilib. Rəngarəng səhnə tərtibatı, dinamik hadisələr və sevimli obrazlar uşaqları nağıl dünyasına apararaq onların böyük marağına səbəb olub. Tamaşa, eyni zamanda, maarifləndirici məzmunu ilə seçilərək müsbət dəyərləri təbliğ edib.

Sonra böyüklər üçün Anton Çexovun “Elçilik” komediyasının premyerası olub. Canlı aktyor oyunu və kuklalarla təqdim edilən tamaşa incə yumoru və canlı dialoqları ilə tamaşaçıların rəğbətini qazanıb, zalda səmimi və gülüş dolu ab-hava yaradıb.

Tamaşanın rejissoru Səyyad Məmmədov, musiqi tərtibatçısı Əli Məmmədov, quruluşçu rəssamı Çimnaz Gözəlovadır. Rolları Bəhruz Haqverdiyev, İlqar Babayev və Əfqənə Ələsgərova ifa ediblər.

Səhnə əsərini sənət adamları və çoxsaylı teatrsevərlər izləyiblər. Əlamətdar gün  Naxçıvan Dövlət Kukla Teatrında sənətə olan sevginin və yaradıcılıq enerjisinin bariz nümunəsi kimi yadda qalıb.