Xəbər verdiyimiz kimi, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Nəşrlər Baş İdarəsinin təşkilatçılığı ilə 27–29 mart tarixlərində Ankarada Türk Dünyası Nəşriyyat Konqresi keçirilir.

Türk dünyasında nəşriyyat sahəsində institusional əməkdaşlığı gücləndirmək, ortaq mədəni yaddaşın qorunmasına töhfə vermək və informasiya istehsalı ilə paylaşımını davamlı əsasda inkişaf etdirmək məqsədilə təşkil edilən konqresdə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Konqresin açılış mərasimində Türkiyə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı çıxış edib.

Çıxışlarda Türk dünyasında nəşriyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, ortaq tarix, dil və mədəni irsə əsaslanan nəşriyyat fəaliyyəti ölkələr arasında əlaqələrin inkişafına və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.

Konqres çərçivəsində nəşriyyat siyasətləri, məcburi nüsxə və standartlar, müəlliflik və əqli mülkiyyət hüquqları, tərcümə dəstəkləri, məzmunun inkişafı və ortaq əlifba/dil məsələləri kimi mövzularda komissiya iclasları təşkil olunub.

Tədbirə türk dövlətləri milli kitabxanalarının nümayəndələri də qatılıb. Azərbaycan Milli Kitabxanasını elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova təmsil edir.

Milli Kitabxanadan verilən məlumata görə, Ədibə İsmayılova “Ortaq irs, ortaq gələcək: Türkdilli ölkələrin milli kitabxanaları” mövzusunda məruzə və təqdimatla çıxış edib.

O, çıxışında Türk dünyasının  minilliklər boyu formalaşmış zəngin mədəni irsə malik olmasından, bu irsi qorumaq və gələcək nəsillərə çatdırmaq üşün milli kitabxanaların qarşısında duran əsas vəzifələrdən, son illərdə türkdilli dövlətlər arasında kitabxana sahəsində əməkdaşlığın daha da genişlənməsindən,Türk Dünyası Milli Kitabxanaları Birliyinin bu istiqamətdə fəaliyyətindən danışıb.

Direktor müavini vurğulayıb ki, türkdilli dövlətlərin milli kitabxanaları arasında əməkdaşlığın gücləndirilməsi bizim ortaq kimliyimizi daha da möhkəmləndirəcək və gələcək nəsillərə daha zəngin bir miras ötürməyə imkan verəcək. Bu əməkdaşlıq nə qədər güclü olarsa, Türk dünyasının birliyi və mədəni zənginliyi də bir o qədər möhkəm olar.

Xatırladaq ki, Ankara şəhəri 2026-cı ildə "Türk Dünyasının Turizm Paytaxtı" elan edilib. İl ərzində bu çərçivədə Türk dünyasının mədəni irsi ilə bağlı silsilə tədbirlər də nəzərdə tutulub.