Açılışı videokonfrans vasitəsilə Rusiya Prezidenti edib, mərasimdə Azərbaycan Prezidentinin təbrik məktubu oxunub.
Rusiya Federasiyası (RF) Dağıstan Respublikasının Dərbənd şəhərindəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının binası uzun müddət davam edən əsaslı yenidənqurma işlərindən sonra 2026-cı il martın 27-də – Dünya Teatr Günündə istifadəyə verilib.
Teatrın təntənəli açılışını videokonfrans vasitəsilə RF Prezidenti Vladimir Putin edib.
Vladimir Putin bu mərasimi Dağıstanın, bütün ölkənin və Qafqaz dövlətlərinin mədəni həyatı üçün əlamətdar hadisə olacağını qeyd edərək, zəngin mədəni mühitin yalnız paytaxtlarda deyil, bütün bölgələrdə əlçatan olmasının vacibliyini vurğulayıb.
RF Prezidenti teatrın XIX əsrdən başlayan zəngin tarixinə diqqət çəkərək, onun xadimlərinin incəsənətə sədaqətini qeyd edib və yenidənqurmadan sonra teatrın hazırda müasir binaya malik olduğunu deyib.
Dövlət başçısı mərasimə Bakıdan gələn qonaqları da salamlayaraq iki ölkə arasında münasibətlərin ortaq tarixi keçmiş və mədəni irsin möhkəm təməli üzərində inkişaf etdiyini deyib, Bakıdakı Rus Dram Teatrına verdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib. “Qeyd etmək istəyirəm ki, bu iki səhnə, Bakıdakı Rus Dram teatrı və Dərbəndəki Azərbaycan Dram teatrı bizim mədəniyyətlər arasındakı körpüdür", – deyə o vurğulayıb.
Rusiya rəhbəri Dərbənd Azərbaycan Dövlət Musiqili Dram Teatrının kollektivinə yaradıcılıq uğurları arzulayıb.
***
Təntənəli mərasimdə Dağıstan Respublikasının Başçısı Sergey Melikov, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov, digər rəsmilər, mədəniyyət xadimləri iştirak ediblər.
Sergey Melikov bildirib ki, 2026-cı ildə ölkədə elan olunan “Rusiya Xalqlarının Birliyi İli”ndə yeniləmiş incəsənət ocağının istifadəyə verilməsi dərin simvolik məna daşıyır. Onun sözlərinə görə, şəhərin tarixi hissəsində yerləşən yeni teatr binası Dərbəndin həyatında yeni səhifə açır.
Mixail Şvıdkoy çıxışında mərasimin miqyasını vurğulayaraq deyib ki, Rusiyadakı 600-dən çox teatr arasında məhz qədim şəhərdəki kollektiv belə diqqətə layiq görülüb və bu, Dərbəndin tarixin beşiyi kimi əhəmiyyətini göstərir.
Murad Hüseynov mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.
***
Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılışı münasibətilə təbrik
Əziz dostlar.
Sizi əlamətdar hadisə – Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm.
Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin bu abidəsinin qorunmasına göstərilən diqqətə görə təşəkkürümü bildirirəm.
Bir əsrdən çox tarixi olan bu mədəniyyət mərkəzi Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biridir.
Rusiya Federasiyasında Azərbaycan dilində yeganə dövlət teatr müəssisəsi olan Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrı Dağıstanın mədəni həyatında daim mühüm rol oynayıb və respublikanın ərazisində yaşayan azərbaycanlıların milli və mənəvi dəyərlərinin qorunmasına töhfə verib. Görkəmli Azərbaycan dramaturqlarının əsərlərinin uğurla tamaşaya qoyulması mədəniyyət mərkəzinə təkcə Dağıstanda deyil, həm də onun hüdudlarından kənarda geniş tamaşaçı rəğbəti qazandırıb.
Bu gün Dərbənddə Azərbaycan teatrının fəaliyyətini bərpa etməsi həm peşəkar sənətçilər və incəsənətə dəyər verənlər, həm də zəngin mədəni rəngarəngliyə malik Dağıstanın bütün əhalisi üçün böyük, çoxdan gözlənilən bayramdır.
Azərbaycan və Dağıstan xalqlarını əsrlər boyu sıx dostluq əlaqələri, mehriban qonşuluq və qarşılıqlı dəstək birləşdirib. Bu ənənəvi əlaqələr Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərdə xüsusi rola malikdir.
Humanitar əməkdaşlığın inkişafı öz növbəsində Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin mühüm amilidir. Əminəm ki, Azərbaycan ilə Dağıstan arasında sıx əməkdaşlıq, o cümlədən mədəni-humanitar əlaqələr gələcəkdə də ardıcıl inkişaf edəcək və Azərbaycan-Rusiya müttəfiqlik qarşılıqlı münasibətləri məcrasında genişlənəcəkdir.
Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının bütün kollektivini bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm.
Teatra yeni yaradıcılıq uğurları arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2026-cı il
***
Açılış mərasiminin bədii hissəsində Novruz bayramına həsr olunmuş kompozisiya təqdim edilib. Teatr kollektivinin mükafatlandırma mərasimi və konsert olub.
Qeyd edək ki, Dərbənd şəhərində XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb.
40-cı illərin sonlarında keçmiş Sovet İttifaqında bir çox əyalət teatrları ilə bərabər Dərbənddəki Azərbaycan teatrı da fəaliyyətini dayandırıb və 90-cı illərdə fəaliyyətini bərpa edib.
Əvvəllər “Rodina” (“Vətən”) kinoteatrı olmuş teatr binası tamamilə yenidən qurulub.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan teatrının binasının yenidən qurulması üçün vəsait ayrılmışdı. Bundan sonra Rusiya hökuməti də bu məqsədlə vəsait ayırıb və teatrın köhnə binasının sökülərək yenidən inşası qərara alınıb. 2023-cü ildə başlanan işlər “Dərbəndin kompleks ərazi inkişafı” Dövlət proqramı çərçivəsində həyata keçirilib.























