Kinematoqrafçılar İttifaqları Konfederasiyası Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı AKİ-yə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli həmkarlar,
Kinematoqrafçılar İttifaqları Konfederasiyası Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycanın Xalq artisti Rasim Balayevin vəfatı ilə əlaqədar dərin hüzn içindədir. Səmimi başsağlığımızı qəbul edin.
Adı Azərbaycan kinematoqrafının tarixinə əbədi həkk edilmiş ustad sənətkar həyatdan köçdü. O, istedadı, sənətə sədaqəti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olaraq fəaliyyəti ilə kino ictimaiyyətinin inkişafına dayaq, həmkarları üçün ilham mənbəyi, yeni nəsil kinematoqrafçılar üçün isə kino sənətinə yiyələnməyin düzgün yol göstərəni olmağı bacardı.
Rasim Balayev parlaq istedadlı aktyor olmaqdan başqa həm də müdrik lider, yüksək mədəniyyətə və ləyaqətə malik insan idi. Təşkilatlarımız arasında peşəkar və yaradıcı əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfə çox böyükdür.
Bu hüznlü anlarda biz sizin acınızı bölüşürük, itkinizə şərik olduğumuzu bildiririk. Ailə üzvlərinə, yaxınlarına, dostlarına, həmkarlarına və onunla çalışmaq, ünsiyyətdə olmaq şərəfinə nail olmuş hər kəsə dərin hüznlə başsağlığımızı çatdırmağınızı rica edirik.
Rasim Balayevin işıqlı xatirəsi ürəklərimizdə əbədi yaşayacaqdır”.
***
Qeyd edək ki, Kinematoqrafçılar İttifaqları Konfederasiyası 1991-ci ildə SSRİ Kinematoqrafçılar İttifaqının dağılmasından sonra onun varisi olaraq və keçmiş müttəfiq respublikaların kino təşkilatlarını bir araya gətirmək məqsədilə təsis edilib. Konfederasiyaya uzun illər Azərbaycanın məşhur kino xadimi, yazıçı, ssenarist, rejissor Rüstəm İbrahimbəyov rəhbərlik edib.
Nikita Mixalkovin rəhbərlik etdiyi Rusiya Kinematoqrafçılar İttifaqı ilk vaxtdan konfederasiyaya daxil olmaqdan imtina edib. Zamanla Baltikyanı respublikalar, Gürcüstan, Ukrayna, Moldova kinematoqrafçıları da onun sıralarını tərk ediblər.
İndi Kinematoqrafçılar İttifaqları Konfederasiyasında keçmiş SSRİ-nin yeddi respublikasının – Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın yaradıcılıq təşkilatları təmsil olunur.
Sədr üç ildən bir seçilir. Hazırda sədrliyi Belarus Kinematoqrafçılar İttifaqının rəhbəri Yevgeni Arendareviç həyata keçirir. Konfederasiyanın icraçı direktoru Rüstəm İbrahimbəyovun qızı rejissor, aktrisa, ssenarist Fatimə İbrahimbəyovadır.



















