Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi ilə aprelin 2-də Neftçala şəhərində ustad dərsləri keçiriləcək.

MEMİM-dən bildirilib ki, fortepiano və tar ixtisasları üzrə növbəti ustad dərsləri Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbində olacaq.

Fortepiano ixtisası üzrə ustad dərsini Bakı şəhər Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Əməkdar müəllim Zərifə Məmmədyarova, tar ixtisası üzrə ustad dərsini Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar müəllim Əflaruz Məmmədov keçəcək.

Ustad dərslərində Şirvan-Salyan RMİ-nin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdlərinin iştirakı nəzərdə tutulur.