Yaratdığı bənzərsiz obrazlarla tamaşaçıların yaddaşına əbədi həkk olunan görkəmli aktyor, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilib.

Martın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil olunan mərasimdə Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət, ədəbiyyat, elm xadimləri iştirak ediblər.

Mərhumun cənazəsi Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub.

Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət qurumları, yaradıcılıq təşkilatları adından əklil düzülüb.

Rasim Balayevin həmkarları, dostları, ictimaiyyət xadimləri, mərhumun sənətini sevənlər teatrın binasına gələrək, unudulmaz aktyora son borclarını veriblər.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək nazir Adil Kərimli və nazirliyin kollektivi adından mərhumun ailəsinə başsağlığı verib. Rasim Balayevin vəfatının Azərbaycan mədəniyyəti və milli kinosu üçün ağır itki olduğu qeyd edilib: “Parlaq siması ilə hər kəsin qəlbində silinməz iz buraxan Rasim Balayevin vəfatı hamımızı dərindən sarsıdıb. O, çəkildiyi filmlərlə Azərbaycan kinosunun nüfuzunu daim uca tutub və yaradıcılığı 200-ə yaxın filmi əhatə edir. Sənətkarın çoxillik fəaliyyəti daim dövlətin diqqət mərkəzində olub, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev onun yaradıcılığına xüsusi qayğı göstəriblər. Rasim Balayevin yaradıcılığı gənc aktyorlar üçün bir məktəbdir”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar bildirib ki, Rasim Balayev Azərbaycan kino sənətinin ən parlaq ulduzlarından və ən böyük ifaçılarından biri olub. O, sənətkarın canlandırdığı obrazlara əbədi həyat verdiyini qeyd edib və əlavə edib ki, onun insani keyfiyyətləri və bənzərsiz obrazları hər zaman yaddaşlarda yaşayacaq.

Xalq artisti Şəfiqə Məmmədova Rasim Balayevin vəfatının onu dərindən sarsıtdığını diqqətə çatdırıb. “Bu itki Azərbaycan kinosu üçün çox böyük və ağırdır. Sənətkar haqqında keçmiş zamanda danışmaq çətindir, Rasim Balayev şərəfli bir ömür yaşayıb, dostluqda isə son dərəcə sadiq və vəfalı insan olub”,- deyə o əlavə edib.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov vurğulayıb ki, onlar bir neçə filmdə birlikdə çalışıblar. “O, doğrudan da böyük aktyor, yaxşı dost idi. Onunla işləmək insana zövq verirdi”.

Ailə üzvləri adından çıxış edən Asim Balayev atasının sənətinə hər zaman böyük diqqətlə yanaşan ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Xalq artisti Rasim Balayevin cənazəsi teatrın binasından qaldırılaraq Fəxri xiyabana gətirilib. Burada mərhumun ruhuna dualar oxunub. Görkəmli sənətkarın cənazəsi torpağa tapşırılıb. Məzarı üzərinə əklillər, gül dəstələri düzülüb.

Rasim Balayevin sənət irsi və xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin!