Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət “Günay” teatr-studiyası “Salam, Novruz!” adlı bayram tədbirləri keçirib.

Larisa Tarusovanın rəhbərlik etdiyi uşaq teatr studiyasının ilk tədbiri Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyində gerçəkləşib.

Daha sonra "Azərbaycan Rus İcması" İctimai Birliyinin paytaxtdakı mədəniyyət mərkəzində (Rus Mədəniyyət Mərkəzi) Daun sindromlu uşaqlar, 3 nömrəli Uşaq evinin yetirmələri və aztəminatlı ailələrdən olan uşaqlar üçün bayram tədbiri keçirilib. Onları bir araya gətirməkdə Nazirlər Kabinetinin əməkdaşı Aytən Xudaverdiyevanın da köməyi olub.

Mərkəzin direktoru Qalina Manafova hər kəsi bayram münasibətlə təbrik edib və bu uşaqları gələcəkdə də bu məkanda görmək arzusunu bildirib.

Larisa Tarusova qeyd edib ki, o və rəhbərlik etdiyi kollektiv bu istiqamətdə fəaliyyətini davam etdirəcək. “Çox şadam ki, mənim yetirmələrim bu uşaqlarla görüşə və onlara səmimi qayğı və dəstək göstərə bilər. Hesab edirəm ki, bu, uşaqların tərbiyəsi, onlara mərhəmət, şəfqət aşılamaq üçün çox vacibdir. Biz fəal şəkildə vətənpərvərlik tərbiyəsi ilə məşğuluq – milli ruhu yüksəldən tamaşalar səhnələşdiririk, milli klassik əsərləri ifa edirik, lakin mənəvi tərbiyə – insanın daxili aləminin, əxlaqi keyfiyyətlərinin, dəyərlər sisteminin və davranış normalarının formalaşdırılması prosesi də çox, çox vacibdir”, – deyə o əlavə edib.