Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası çərçivəsində həyata keçirdikləri fəaliyyət uğurla başa çatıb.
Bu barədə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva məlumat verib.
Sessiyada onunla yanaşı ictimai birliyin idarə heyətinin üzvü, rəqəmsal məzmun yaradıcısı Günay Həsənova da iştirak edib.
İctimai birliyin sədri bildirib ki, sessiya çərçivəsində təşkil olunan konfransda və gender bərabərliyi və qadınların informasiyaya çıxışı mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan nümayəndələri diqqəti mədəniyyətin və mədəni əlaqələrin roluna yönəldiblər.
Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri panel müzakirələrdə və ümumi debatlarda çıxış edərək qadınların cəmiyyətimizdə rolu, yaradıcı qadınların sosial təsiri və mədəniyyət vasitəsilə hüquqi maarifləndirmə sahəsində əldə edilən təcrübəni müxtəlif ölkələrindən gələn həmkarları ilə bölüşüblər.
Sessiyada iştirak edən beynəlxalq QHT təmsilçiləri ilə ikitərəfli müzakirələr aparılıb, Azərbaycanda vətəndaş cəmiyyətlərinin fəaliyyəti barədə onlara məlumat verilib. Bir sıra qeyri-hökumət təşkilatları ilə memorandumların imzalanması, birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi sədrinin Nyu-Yorka səfərini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyələşdirib.






















