Tarixdəki olaylar
17 mart 1918 – Cənubi Azərbaycanın Urmiya şəhərində xarici ölkə diplomatlarının (Britaniya, ABŞ, Fransa, Rusiya konsulları) gözü qarşısında erməni quldur dəstələri azərbaycanlı əhaliyə divan tutublar, yüzlərlə müsəlman-türk qətlə yetirilib.
17 mart 1991 – SSRİ-də ittifaqın saxlanılması məsələsi ilə bağlı referendum keçirilib. Bu, Sovet İttifaqı tarixində ilk və son xalq səsverməsi idi. Altı respublikada (Latviya, Estoniya, Litva, Ermənistan, Gürcüstan, Moldova), həmçinin Azərbaycanın Naxçıvan Muxtar Respublikasında referendum keçirilmədi. Rəsmi məlumatlara əsasən, ümumilikdə referendumda iştirak edənlərin 76 faizi SSRİ-nin saxlanılmasına səs vermişdi. Azərbaycanda bu göstərici 75 faiz idi.
17 mart 1995 – Bakıda Xüsusi Təyinatlı Polis Dəstəsinin qaldırdığı qiyam zəruri güc tətbiq edilməsi ilə yatırılıb. Qiyama başçılıq edən polkovnik Rövşən Cavadov öldürülüb. Güc strukturlarının keçirdiyi əməliyyatdan sonra Prezident Heydər Əliyevin yanında keçirilən müşavirədə dövlət çevrilişinə cəhdin təfərrüatı ətraflı müzakirə olunub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
17 mart 1856 – Polyak əsilli Rusiya rəssamı, dekorativ pannolar və freskalar müəllifi Mixail Aleksandroviç Vrubel (1856 – 14.4.1910) anadan olub.
17 mart 1901 – Amerika kino bəstəkarı, dirijor, aranjemançı Alfred Nyuman (Newman; 1901 – 17.2.1970) anadan olub. 9 dəfə “Oskar” mükafatı laureatı olub.
17 mart 1905 – Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (1905 – 10.11.1984) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir. Rus və dünya ədəbiyyatından bədii tərcümələr edib.
17 mart 1923 – Əməkdar artist Mirvari Balahacı qızı Novruzova (1923 – 20.3.1994) Bakıda doğulub. Akademik Milli Dram Teatrının aktrisası olub, filmlərdə, televiziya tamaşalarında çəkilib.
17 mart 1926 – Alman yazıçısı Ziqfriq Lens (Siegfried Lenz; 1926 – 7.10.2014) anadan olub. Əsərləri (“Çörək və tamaşa”, “Alman dili dərsi” və s.) 30-dan çox dilə tərcümə edilib.
17 mart 1932 – Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Zümrüd Əliqulu qızı Quluzadə (1932 – 26.9.2021) anadan olub. Nizami, Nəsimi və Füzulinin fəlsəfi görüşlərinə dair tədqiqatların müəllifidir.
17 mart 1938 – Tatar-başqırd əsilli məşhur balet artisti Rudolf Hametoviç Nureyev (1938 – 6.1.1993) anadan olub. 1961-ci ildə SSRİ-dən Britaniyaya mühacirət edib.
Hazırladı: Vüqar Orxan






















