Tarixdəki olaylar
16 mart 1921 – Rusiya ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi bağlanıb. Sənəddə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə bölgənin qarantı kimi çıxış edirdi. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalandı.
16 mart 1948 – Azərbaycanın qərbində “metallurqlar şəhəri” Daşkəsənin əsası qoyulub. Daşkəsən bölgədə dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar olaraq salınıb. 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.
16 mart 1968 – ABŞ qoşunları Cənubi Vyetnamda apardığı müharibə zamanı Sonqmi kəndini əhalisi ilə birlikdə yandırıb. Rəsmi statistikaya görə, kəndin 567 nəfər sakini öldürülmüşdü.
16 mart 1995 – Prezident Heydər Əliyev Bakıda başlanan XTPD (“OMON”) qiyamını dinc yolla aradan qaldırmaq üçün daha bir addım atıb. Qiyamçıların silahlı könüllü təhvil verəcəkləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunmayacaqları barədə fərman imzalanıb. Lakin qiyamçılar bundan boyun qaçırdılar.
16 mart 2006 – Bakıda Dünya Azərbaycanlılarının II Qurultayı keçirilib. Forumda 49 ölkədən azərbaycanlı diaspor təşkilatlarının 600-dən çox nümayəndəsi, 300-dək qonaq iştirak edib. Qurultay dünya azərbaycanlılarına, Azərbaycan və Türk diaspor təşkilatlarına, Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə müraciətlər qəbul edib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
16 mart 1839 – Fransız şairi, ədəbiyyat üzrə ilk Nobel mükafatı laureatı (1901) Rene Sülli-Prüdom (Rene François Armand (Sully) Prudhomme; 1839 – 6.9.1907) anadan olub.
16 mart 1882 – Azərbaycanın Xalq artisti, vokalçı Vasili Alekseyeviç Nikolski (1882 – 3.4.1967) Rusiyanın İvanovo vilayətində doğulub. 1919-cu ildə Bakıya gəlib. Opera və Balet Teatrının solisti olub, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
16 mart 1903 – Əməkdar mədəniyyət işçisi, dramaturq Qurban İsabala oğlu Musayev (1903 – 23.11.1982) Bakının Mərdəkan qəsəbəsində doğulub. Xalq yazıçısı Qılman İlkinin böyük qardaşıdır.
16 mart 1906 – Əməkdar incəsənət xadimi, kamança ifaçısı, bəstəkar Qılman Balaməmməd oğlu Salahov (1906 – 12.10.1974) Bakıda doğulub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri olub.
16 mart 1914 – Əməkdar incəsənət xadimi, rejissor Niyaz Səttar oğlu Şərifov (1914 – 15.5.1982) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb.
16 mart 1916 – Əməkdar incəsənət xadimi, bəstəkar Zakir Cavad oğlu Bağırov (1916 – 8.1.1996) Şuşada anadan olub. “Aygün” operası, “Kəndimizin mahnısı”, “Qayınana” operettalarının müəllifidir, tamaşalara musiqi yazıb. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.
16 mart 1935 – Rusiyanın Xalq artisti Sergey Yurski (1935 – 8.2.2019) anadan olub. “Azərbaycanfilm”də “Dərviş Parisi partladır”, “Şir evdən getdi” və s. filmlərdə çəkilib.
16 mart 1940 – Cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı, Əməkdar artist Vaqif Əziz oğlu Mustafazadə (1940 – 16.12. 1979) Bakıda doğulub. “Qafqaz” caz üçlüyü, “Leyli” və “Sevil” vokal qızlar ansamblları və “Muğam” instrumental ansamblına rəhbərlik edib. Beynəlxalq müsabiqə və festivalların (Tallin, Tbilisi, Monte-Karlo) qalibi və laureatı olub.
16 mart 1940 – İtalyan kinorejissoru, dramaturq Bernardo Bertoluççi (Bernardo Bertolucci; 1940 – 26.11.2018) anadan olub.
16 mart 2020 – Xalq artisti Rafael Məlik oğlu Dadaşov (4.1.1946 – 2020) vəfat edib. Akademik Milli Dram Teatrının səhnəsində, filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.
16 mart 2024 – Əməkdar artist, xanəndə Sahibə Əliqulu qızı Əhmədova (11.1.1956 – 2024) vəfat edib.
16 mart 2025 – Xalq artisti, kinoaktyor, rejissor Ənvər Cəfər oğlu Həsənov (17.8.1950 – 2025) vəfat edib.
16 mart 2025 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Alxan oğlu Əliyev (1.7.1948 – 2025) vəfat edib.
Hazırladı: Vüqar Orxan


























