Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Leopold və Mstislav Rostropoviçlərin Bakıdakı ev-muzeyində anım tədbiri keçirilib.

Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək, hadisə haqqında ziyarətçiləri məlumatlandırmaq və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasına töhfə vermək məqsədilə təşkil olunan tədbirdə 189-190 nömrəli orta məktəbin 6-cı sinif şagirdləri iştirak ediblər.

Muzeyin elmi-işçisi Rəhiməxanım Həsənova tərəfindən məktəblilərə Xocalı soyqırımının tarixi, faciənin səbəbləri və nəticələri barədə məlumat verilib. Dinc əhaliyə qarşı törədilmiş bu ağır cinayətin Azərbaycan tarixində tutduğu faciəvi yeri vurğulanıb.

Sonra ziyarətçilər muzey ekspozisiyasına qısa ekskursiya ediblər, onlara burada nümayiş olunan eksponatlar haqqında məlumat verilib.

Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı “Son döyüş” sənədli filmi nümayiş olunub.