Mədəniyyət naziri Adil Kərimli və AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Arxeologiya və Antropologiya İnstitutunun elmi fondunda 2025-ci ildə aparılmış arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri ilə tanış olublar.
Bu barədə AMEA-dan məlumat verilib.
Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev sərgilənən yeni tapıntılar barədə məlumat verib.
Söhbət əsnasında arxeoloji qazıntılarda tapılan maddi mədəniyyət nümunələrinin saxlanılması üçün müasir tələblərə cavab verən daha münasib şəraitin, tapıntıların ümumiləşdirilmiş reyestrinin yaradılması, tapıntıların rəqəmsal qeydiyyatının tərtibi, maddi mədəniyyət nümunələrinin kameral tədqiqi və bərpası üçün müvafiq laboratoriyaların təşkili istiqamətində Mədəniyyət Nazirliyi və Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlığın əməkdaşlığın davam edəcəyi bildirilib.
Sonra Arxeologiya və Antropologiya İnstitutunun Elmi ekspozisiyanın təşkili şöbəsinin İçərişəhərdə yerləşən muzey-sərgi zalı ilə tanışlıq olub.
Fərhad Quliyev muzeydə Azərbaycan xalqının qədimliyini nümayiş etdirən ekspozisiyanın mahiyyəti barədə məlumat verib, sərgi konsepsiyasından danışıb və muzey arxeologiyası qarşısında duran vəzifə və problemlərdən söz açıb. Muzeyin müasir dünya tələblərinə cavab verən sistem üzrə qurulması üçün fikir mübadiləsi olub.






















