Beynəlxalq Muğam Mərkəzi (BMM) daha bir maraqlı layihəni sənətsevərlərə təqdim edib.
Fevralın 18-də BMM-də Cahangir Cahangirov adına Xor kollektivinin iştirakı ilə kino musiqisinə həsr olunan “İki könül görüşəndə” adlı konsert keçirilib.
Proqramda Azərbaycan və dünya kinosundan məşhur musiqi əsərləri, populyar mahnılar səsləndirilib.
Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Yusifovanın idarə etdiyi konsertin aparıcısı Əməkdar artist Dilarə Əliyeva olub.
Aparıcı təqdim edilən musiqi nömrələri ilə yanaşı onların səsləndiyi filmlər haqqında da söhbət açıb, tamaşaçılarla interaktiv ünsiyyət qurub.
Xorun bədii rəhbəri Təranə Yusifovanın arada bir dirijor yerini tərk edib, bek-vokalçı qismində kollektivə qoşularaq ifalar etməsi də proqrama rəng qatıb.
Unudulmaz Azərbaycan filmlərini əks etdirən geyim və butaforların təqdimatı, filmlərdən teatrallaşmış səhnələr, xoreoqrafik etüdlər də tamaşaçılara xoş və coşğulu anlar yaşadıb.
Xorun bir-birindən maraqlı ifalarını fortepianoda Əməkdar artist Nərgiz Əliyeva, elektropianoda Əməkdar artist Eldar Məmmədov, zərb alətində gənc ifaçı Yusif Rüstəmov müşayiət ediblər.
Proqramda “Möcüzələr adası”, “Əhməd haradadır?”, “Alma almaya bənzər”, “Bəxtiyar”, “Torpaq, dəniz, od, səma”, “Bəyin oğurlanması” və digər milli filmlərdən musiqi əsərləri canlı ifa olunub. Həmçinin xarici filmlərdən “Romeo və Cülyetta”, “İşdə məhəbbət macərası" və başqa ekran əsərlərindən musiqi nümunələri səsləndirilib.
Anşlaqla keçən konsertdə bütün ifalar tamaşaçıların alqışları ilə qarşılanıb.
Konsertin sonunda Xalq artisti, xanəndə Teyyub Aslanov, Əməkdar artistlər Dilarə Əliyeva və Rafael İsgəndərovun səhnədə xüsusi performansı isə gurultulu alqış doğurub.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor kollektivinin bu il 90 yaşı tamam olur. İl ərzində konsertlər də orkestrin yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşacaq.


























