Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə beynəlxalq qastronomiya reytinqi və təsnifat platforması olan “La Liste” təşkilatının beynəlxalq direktoru Stefani Kim Azərbaycana səfər edib.
Agentlikdən bildirilb ki, səfərin əsas məqsədi Azərbaycanın zəngin kulinariya ənənələrinin, yerli məhsullarının və müasir restoran sənayesinin beynəlxalq səviyyədə tanıdılması, həmçinin ölkənin qastronomiya potensialının “La Liste” kimi nüfuzlu beynəlxalq reytinq platformasında təşviqidir.
Səfər proqramı çərçivəsində Stefani Kim Bakının tanınmış hotelləri, restoranları və qastronomiya məkanlarının konsepsiyası və kulinariya yanaşmaları ilə yaxından tanış olub. Qonağa həm ənənəvi Azərbaycan mətbəxindən, həm də beynəlxalq kulinariya trendlərindən müxtəlif kulinariya nümunələri təqdim edilib.
Stefani Kim Dövlət Turizm Agentliyində rəsmi görüşlər keçirib, eləcə də kulinariya sahəsinin nümayəndələri, aşpazlar, qastronomiya ekspertləri və sektorun digər təmsilçiləri ilə görüşərək fikir mübadiləsi aparıb.
Qonağın regionlara da səfəri təşkil edilib, yerli qastronomiya ənənələri, regional məhsullar və turizm imkanları ilə tanışlıq olub.
2015-ci ildə təsis edilmiş “La Liste” çoxsaylı qastronomiya bələdçilərindən və onlayn mənbələrdən toplanan məlumatlara əsaslanan beynəlxalq qastronomik reytinq platformasıdır. Platforma 700-dən çox beynəlxalq bələdçi, müxtəlif veb-saytlar və mətbuat rəylərindən istifadə edərək dünyanın ən yaxşı restoranlarını, hotellərini və şirniyyat mağazalarını vahid reytinqdə təqdim edir.
Hazırda 200 ölkədən 40 minə yaxın qastronomik obyekt üzrə məlumatı əhatə edən platforma minlərlə nəşrə, 1100-dən çox peşəkar mənbəyə və milyonlarla onlayn rəyə əsaslanaraq istifadəçilər üçün dünyanın hər yerindən yüksək səviyyəli qastronomik təcrübələri cəmləşdirir.
“La Liste” ilə əməkdaşlıq restoran və hotellər üçün beynəlxalq səviyyədə tanınmaq baxımından yeni imkanlar açaraq qlobal bazarda rəqabət üstünlüyü yaradır.
Qeyd edək ki, Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyinin möhkəmləndirilməsi, yerli restoranların və aşpazların qlobal səviyyədə tanıdılmasına dəstək verilməsi, həmçinin ölkəmizin qastronomiya turizmi istiqamətində potensialının təşviqi Dövlət Turizm Agentliyinin prioritetlərinə daxildir.






















