Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru Xalq artisti Gülbacı İmanovanın 70 illik yubileyi və kapellada yaradıcılıq fəaliyyətinin 30 illiyi münasibətilə fevralın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı təqdim olunub.
Konsertdə Azərbaycan Dövlət Xor Kapellası və F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor kollektivi (xormeyster Naala Baratelia), instrumental ifaçılar, Xalq artisti, ustad xanəndə Alim Qasımov, tanınmış vokalçılar, o cümlədən Xalq artistləri Azər Zeynalov, Gülnaz İsmayılova çıxış ediblər.
Proqramda klassik opera nümunələri, muğam parçaları, xalq və estrada mahnıları səsləndirilib.
Qeyd edək ki, Dövlət Xor Kapellası Azərbaycan Dövlət Filarmoniyasının nəzdində 1966-cı ildə yaradılıb. Kollektivin ilk rəhbəri Əməkdar incəsənət xadimi xormeyster Eduard Novruzov olub. 1996-cı ildən Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru Xalq artisti Gülbacı İmanovadır.

























