Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar şurası Ramazan ayının başlaması münasibətilə fətva verib.

Fətvada deyilir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusu üzrə Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının cavab məktubuna əsasən, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək.

Fətvada tövsiyə edilib ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin: “Həmçinin bir daha din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin (s) əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir. Din xadimləri bu qaydalara riayət olunmasına görə məsuliyyət daşıyırlar və şəri baxımdan buna cavabdehdirlər”.

Fətvada bildirilib ki, Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri Novruz çərşənbələri ilə üst-üstə düşür: “Biz Ramazanın ilahi önəmini nəzərə alaraq tövsiyə edirik ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın və bununla da xalqımız həm Ramazanın, həm də Novruzun sevinc və bərəkətlərinə qovuşsun. Zəfər dönəmini yaşayan Azərbaycanda müqəddəs Ramazan və mübarək Novruz bayramlarının üst-üstə düşməsi Uca Allahın Lütfü ilə xeyirlərə vəsilə olan böyük müjdədir”.

Diqqətə çatdırılır ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Təqvim QMİ-nin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək. Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək.