Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Manyenin “Oskar” pyesi əsasında Xanım Aydının təbdil (bir müəllifin əsərinin məzmununu saxlamaqla, baş verən hadisələrin məkan və zamanının, obrazların adlarının dəyişdirilərək yerli şəraitə uyğunlaşdırılması – red.) etdiyi “Pul əhvalatı” əsəri səhnəyə qoyulur.

Teatrdan bildirilib ki, oxunuş məşqləri başlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Azər Hacıələsgərli, rejissor assistenti Nəsibə Canəliyevadır.

Tamaşada Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artist Mehriban Abdullayeva, Nəsibə Eldarova, aktyorlar Anar Seyfullayev, Ramil Məmmədov, Nurlan Süleymanlı, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Könül Əbilova, Aygün Fətullayeva, Aydan Həsənzadə, Zümrüd Quliyeva, Fəridə Qurbanova, Mehriban Hüseynova, Venera Abbasova, Sənan Kazımlı, İlhan Sadıqov rol alıblar.

Hadisələr Bakıda sabun fabriki sahibkarının ətrafında baş verir. Evlənmək və çoxlu pul qazanmaq istəyində olan Mənfəətin qarşılaşdığı tale oyunları təkcə onun yox, digər qəhrəmanların da gülünc vəziyyətə düşməsinə səbəb olur. Nəticədə qazanmaq və varlanmaq naminə bir-birlərinə tələ quran hər kəs uduzur.

***

Qeyd edək ki, fransız dramaturq, ssenarist və rejisssor Klod Manyenin (Claude Magnier; 1920–1983) "Oskar" komediyası ilk dəfə 1958-ci ildə Parisdə səhnəyə qoyulub. 1967-ci ildə əsər əsasında (müəllifin ssenarisi üzrə) baş rolu məşhur aktyor Lui de Fünesin oynadığı komediya filmi çəkilb.