Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına salonunda mərhum rəssam Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açılıb.
Müəllifin vəfatının ildönümü münasibətilə təşkil edilən sərgidə abstrakt əsərlər, natürmortlar və portretlər də daxil olmaqla 46 əsəri nümayiş olunur.
ARİ-nin sədri Xalq rəssamı Fərhad Xəlilov açılış sözündə nümayiş etdirilən tabloların bədii əhəmiyyətini qeyd edib, Məryəm Ələkbərlinin əsərlərinin bir çox rəssam üçün nümunə ola biləcəyini vurğulayıb.
Sərginin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli rəssamın yaradıcılığı, əsərlərinin bədii keyfiyyətləri barədə danışıb: “Mən Məryəm Ələkbərlinin Bakıdakı bütün sərgilərini görmüşdüm və onun işlərini kifayət qədər yaxşı bildiyimə əmin idim. Amma rəssamın genişmiqyaslı əsərlərinin əhatəsində təəssüratımı yalnız bir sözlə təsvir etmək olar: şok! Heç vaxt şübhə etmədiyim abstraksiyaları gördüm. Məryəmin reallıq qavrayışının unikal bir təbəqəsini təmsil edən portretlərlə qarşılaşdım. Fərqli şəxsiyyətlərə və qeyri-adi görünüşlərə malik nağıl personajları ilə dolu bir dünya gördüm. Hər hansı bir cəhəti və ya xüsusiyyəti ayırd etmək çətindir. Sərgidə gəzsəniz, bu rəssamın qura bildiyi ecazkar dünyaya dərhal heyran qalacaqsınız”.
Məryəm Ələkbərlinin anası Fatma Abdullazadə sərginin təşkilinə görə təşəkkürünü bildirib.
Məryəm Ələkbərli Daun sindromlu rəssam idi. Qısa ömrü ərzində onun onlarla sərgisi keçirilib. Əsərləri Rusiya, Fransa, Türkiyə, ABŞ, İtaliya, Yaponiya, Belçika və BƏƏ-də nümayiş etdirilib. O, 2025-ci il fevralın 14-də, 33 yaşında vəfat edib.
Xatirə sərgisi fevralın 24-dək davam edəcək.

























