Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin (ARKA), Azərbaycanın Almaniyadakı Səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə Berlində "Azərbaycan Kino Günləri" keçirilib.
Açılış mərasimində AMM-nin direktoru vəzifəsini icra edən İsa Məmmədov çıxış edərək tədbirin məqsədi, Azərbaycan kinosunun beynəlxalq məkanda tanıdılması və mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından əhəmiyyəti barədə danışıb.
Xalq artisti Mehriban Zəki Azərbaycan kinosunun son illərdə qazandığı uğurlardan və müasir kino nümunələrinin beynəlxalq auditoriya ilə təmasının vacibliyindən bəhs edib.
Tədbir çərçivəsində “Zəfər rəqsi” qısametrajlı bədii filmi nümayiş olunub.
Filmin ideya müəllifi, “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva ekran əsərinin beynəlxalq nümayişinin Berlində başlamasının əhəmiyyətini vurğulayıb.
Kino nümayişindən sonra iştirakçılar arasında şəbəkələşmə görüşü təşkil olunub.
***
Qeyd edək ki, “Zəfər rəqsi” filmi 2025-ci ildə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşəbbüsü və “Balakhani Operating Company” hasilat şirkətinin ilə dəstəyi ilə ASAN TV tərəfindən istehsal edilib.
Ekran əsəri Mir Cəlal adına hekayə müsabiqəsinin mükafatçı əsəri, mərhum yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında ərsəyə gətirilib.
Filmə gənc rejissor Gəray Həsən quruluş verib. Baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu canlandırıblar. Bədii film Vətən müharibəsi qazisinin müharibədən sonrakı həyatından bəhs edir.






















