Tarixdəki olaylar

 

8 fevral 1806 – Çar Rusiyasının Qafqazdakı işğalçı qoşunlarının komandanı, Azərbaycan torpaqlarının istilasında xüsusi amansızlıq göstərmiş general Pavel Sisianov Bakının Qala qapısı yanında qətlə yetirilib. Sisianov şəhərin təslim edilməsi barədə Bakı xanı Hüseynqulu xanla danışıqlar apararkən onun qardaşı oğlu Aslan bəy tərəfindən öldürülüb. Bundan sonra rus qoşunlarının hücumları xüsusilə amansız oldu. 1806-cı ilin oktyabrında Bakı işğal edildi.

 

8 fevral 1828 – İranla növbəti müharibə (1826-1829) gedişində Cənubi Azərbaycan torpaqlarını istila edən Rusiya qoşunları Ərdəbil şəhərinə daxil olub. İşğal zamanı şəhərin bir çox tarixi-mədəni inciləri yağmalanmış, o cümlədən Şeyx Səfi məqbərəsindən yüzdən çox qədim əlyazma Sankt-Peterburqa aparılmışdı.

 

8 fevral 1907 – Təbrizdə İran şah rejiminə qarşı silahlı xalq üsyanı başlanıb. İran inqilabının (1905–1911) mərkəzi Cənubi Azərbaycana, Təbrizə keçib. Bir qədər sonra Səttərxanın fədai dəstələri bütün Cənubi Azərbaycanda inqilab hakimiyyətini bərqərar etdilər.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

8 fevral 1828 – Fransız yazıçısı, səyyah Jül Vern (Jules Gabriel Verne; 1828 – 24.3.1905) anadan olub. “Kapitan Qrantın uşaqları”, “80 gün dünya ətrafında” və s. əsərlərin müəllifidir.

 

8 fevral 1928 – Rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (1928 – 4.12.2009) anadan olub. “Baharın on yeddi anı” teleserialında Ştirlis rolu ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq ağ Bim” və s. filmlərdə çəkilib.

 

8 fevral 1928 – Əməkdar memar Nazim Məmməd oğlu Hacıbəyov (1928 – 23.3.2020) Bakıda doğulub. “Gülüstan” sarayının layihəsinə görə respublika Dövlət mükafatına (1982) layiq görülüb. Azərbaycan Memarlar İttifaqı sədrinin birinci müavini olub.

 

8 fevral 1929 – Xalq rəssamı Məmmədağa Hüseynağa oğlu Hüseynov (1929 – 20.1.2002) Bakıda doğulub. Kino rəssamı kimi tanınıb, 20-dən çox filmə (“Səhər”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Bizim Cəbiş müəllim” və s.) bədii tərtibat verib.

 

8 fevral 1954 – Şair, publisist Əlisəmid Kür (Cəfərli; 1954 – 13.10.2025) Salyan şəhərində anadan olub.

 

8 fevral 1992 – Görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (23.3.1920 – 1992) vəfat edib. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953-1957) olub.

 

8 fevral 2018 – Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva (7.11.1945 – 2018) vəfat edib.  Akademik Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında, filmlərdə maraqlı obrazlar yaradıb.

 

8 fevral 2022 – Əməkdar rəssam, pedaqoq Fikrət Məmməd oğlu Həşimov (19.2.1948 – 2022) vəfat edib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru olub.

 

8 fevral 2022 – Əməkdar mədəniyyət işçisi, AMEA Əlyazmalar İnstitutunun baş rəssamı, miniatürçü Fəxrəddin Vəli oğlu Əli (10.5.1938 – 2022) vəfat edib.

 

Hazırladı: Vüqar Orxan