Gəncə Dövlət Milli Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub. Premyera Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “ANİMAFİLM Gəncədə” festivalı çərçivəsində keçirilib.

Leyla Əliyeva və Alena Əliyeva tədbirdə iştirak ediblər.

Festivalda tamaşaçılara maarifləndirici uşaq animasiya serialı – “İsi və Piti” serialının iki bölümünün premyerası ilə yanaşı, “Bum-bum” və “Yer və Ay” qısametrajlı animasiya filmləri təqdim olunub. Gəncə şəhərinin məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər və burada təhsil alan uşaqlar animasiya filmlərini böyük maraqla izləyiblər.

Festivalda uşaqlara insan və təbiət vəhdətini, ekoloji problemlərin planetimizə təsirini izah edən, hamını Vətəni, ana təbiəti və Yer kürəsini qorumağa səsləyən Azərbaycan və Özbəkistan animasiya mütəxəssislərinin birgə istehsalı olan “Yer və Ay” qısametrajlı animasiya filmi də nümayiş olunub.