Tarixdəki olaylar

 

9 fevral 1924 – Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaranıb. Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ilin noyabrında, ermənilərin bölgəyə hücumları zamanı elan olunmuşdu. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bölgəyə kömək etmək imkanında deyildi və Naxçıvanda “Araz Türk Cümhuriyyəti” adlı qurum yaranmışdı. Bolşeviklər hakimiyyətə gələndən sonra Türkiyənin dəstəyi ilə (1921-ci ilin Moskva və Qars müqavilələri) bölgənin Azərbaycanın ayrılmaz hissəsi olduğu təsbit edildi. 1923-cü ildə muxtar diyar adlanan Naxçıvan bir il sonra muxtar respublika statusu aldı.

 

9 fevral 1993 – Azərbaycan Ordusunun Dağlıq Qarabağın şimalındakı birləşmələri xəyanət nəticəsində mühüm strateji mövqeləri itiriblər. Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, korpus komandiri Surət Hüseynovun əmri ilə qoşun birləşmələri Ağdərə rayonundakı mövqelərdən geri çəkilib. Fevralın 10-da ölkə rəhbərliyi S.Hüseynovun özbaşınalığının qarşısını almaq üçün gecikmiş addım atıb və o, tutduğu vəzifələrdən azad olunub.

 

9 fevral 1995 – Azərbaycanla Bosniya və Herseqovina arasında diplomatik münasibətlər qurulub.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

9 fevral 1874 – Alman əsilli rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Meyerhold (Karl Kasimir Theodor Meyerhold; 1874 – 2.2.1940) anadan olub.

 

9 fevral 1881 – Rus yazıçısı Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 – 1881) vəfat edib. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” və s. romanların müəllifidir.

 

9 fevral 1909 – Əməkdar artist, müğənni Cahan Rza qızı Talışinskaya (1909 – 1.3.1967) Lənkəranda anadan olub. Musiqili Komediya Teatrında işləyib.

 

9 fevral 1924 – Xalq rəssamı, heykəltaraş Mirələsgər Mirəsədulla oğlu Mirqasımov (1924 – 9.11.2003) Bakı şəhərində anadan olub. C.Məmmədquluzadənin (Naxçıvan), C.Cabbarlının (Bakı) monumental abidələrinin müəllifidir.

 

9 fevral 1925 – Əməkdar artist, müğənni Rəhilə Mirələsgər qızı Həsənova (1925 – 28.2.2004) anadan olub.

 

9 fevral 1935 – Xalq rəssamı Cabbar Ağadadaş oğlu Qasımov (1935–2006) Bakıda doğulub. Bədii portretlər, plakatlar çəkib. Rəssamlar İttifaqında plakat bölməsinin rəhbəri olub.

 

9 fevral 1936 – Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936–2001) Göyçayda anadan olub. “Aldanmış kəvakib” satirik operasının müəllifidir.

 

9 fevral 1937 – Kinorejissor Ramiz Paşa oğlu Əsgərov (1937 – 27.7.1967) anadan olub. “Mən ki gözəl deyildim” filminin çəkilişi zamanı həlak olub.

 

9 fevral 1946 – Əməkdar artist Əsgər Məmmədoğlu (1946 – 21.12.2015) Bakıda anadan olub. Milli Dram Teatrında çalışıb, filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

 Hazırladı: Vüqar Orxan