Azərbaycanın neft-qaz sektorunda fəaliyyət göstərdiyi otuz ildən artıq müddətdə mədəni irsimizlə bağlı layihələrdə də yaxından iştirak edən BP şirkətinin dəstəyi ilə daha bir nəşr işıq üzü görüb.

Fevralın 6-da BP milli təsviri sənətimizin görkəmli simalarından biri, Azərbaycan dəzgah rəssamlığının banisi Mirzə Qədim İrəvaninin (1825–1875) irsindən bəhs edən kitabı ictimaiyyətə təqdim edib.

"Mirzə Qədim İrəvani: parlaq rənglərin işığında" adlı kitabın nəşri rəssamın 200 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2025-ci il tarixli sərəncamına uyğun olaraq həyata keçirilib.

Yüksək poliqrafik keyfiyyətdə və nəfis tərtibatda çap edilən kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlıdır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov kitaba ön söz yazıb.

Kitabda Mirzə Qədim İrəvani irsini araşdırmış alimlərin tədqiqatlarından da istifadə olunub. Onların sırasında mərhum Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, eləcə də Natalya Miklaşevskaya, Kərim Kərimov, Rasim Əfəndi, Nazim Mustafa, Telman İbrahimov, Xəzər Zeynalov və başqa adlar var.

Təqdimat mərasimində çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, şirkət Azərbaycanın təsviri sənətinin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin əvəzsiz irsini Azərbaycan xalqı ilə birlikdə böyük ehtiramla qeyd etməkdən qürur duyur. Mirzə Qədim İrəvani klassik Orta əsrlər miniatür sənətinin dekorativ estetikası ilə realist dəzgah boyakarlığının prinsiplərini ahəngdar şəkildə birləşdirərək, özünəməxsus bədii forma və orijinal üslub yaradıb.

Bəxtiyar Aslanbəyli ümid etdiyini bildirib ki, kitab Azərbaycan sənətsevərləri tərəfindən rəğbətlə qarşılanacaq və böyük sənətkarın irsinin daha dərindən öyrənilməsinə və daha geniş tanıdılmasına dəyərli töhfə olacaq.

Tədbirin aparıcısı BP-nin Bakıdakı mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı və müəllif Nərgiz Cabbarlı nəşrin ərsəyə gəlməsindən bəhs ediblər.

Vurğulanıb ki, Mirzə Qədim İrəvaninin irsi Azərbaycan təsviri incəsənəti tarixindəki əhəmiyyəti ilə yanaşı, həm də öz dövrünün tarixi, mədəniyyəti, həyat tərzi, memarlıq ənənələri və bədii üslubları barədə əvəzsiz məlumatlar təqdim edir.

Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov nəşrin əhəmiyyətindən, Mirzə Qədim İrəvani irsinin təbliği və tanıdılmasının vacibliyindən danışıb. Qeyd edib ki, görkəmli sənətkar yaratdığı əsərlərlə yanaşı Azərbaycanın qədim şəhəri İrəvanı öz adında əbədiləşdirən şəxsiyyət kimi də dərin ehtirama layiqdir.

Qərbi Azərbaycan İcmasının aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov nəşrin önəmindən söz açmaqla bərabər, xalqımızın Qərbi Azərbaycanla bağlı zəngin irsinin dünyada daha geniş auditoriyaya tanıdılmasının vacibliyini vurğulayıb. O, hazırda “Virtiual Qərbi Azərbaycan” layihəsi üzərində iş getdiyini də diqqətə çatdırıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov milli təsviri sənətimizin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin 200 illiyinin dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətini, kitabın bu yubileyə töhfə olduğunu qeyd edib.

Çıxışlarda Azərbaycanın mədəniyyətinə göstərdiyi diqqətə, bu sahədə layihələrə verdiyi dəstəyə görə BP şirkətinin fəaliyyəti təqdir edilib.

Təqdimatda o da diqqətə çatdırılıb ki, "Mirzə Qədim İrəvani: parlaq rənglərin işığında" kitabı BP-nin dəstəyi ilə həyata keçirilən geniş mədəni irs layihəsinin bir hissəsidir. Layihə Mirzə Qədim İrəvaniyə həsr olunmuş kitabdan əlavə, sənətşünaslıq doktoru Kübra Əliyevanın müəllifi olduğu Azərbaycan xalçalarına dair üç elmi nəşri, eləcə də tanınmış kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin Azərbaycanın kinematoqrafiyasının tarixi və inkişafına həsr edilmiş dördcildlik elmi araşdırmasını əhatə edir.

Layihəyə daxil olan digər kitablar da il ərzində ictimaiyyətə təqdim ediləcək. Layihə BP-nin Azərbaycanın zəngin mədəni irsinin qorunması və təşviqinə yönəlmiş təşəbbüsləri dəstəkləmək istiqamətində davamlı öhdəliyini əks etdirir. Ümumi dəyəri səkkiz kitabın hazırlanması və nəşri də daxil olmaqla 308 498 manat (təxminən 181 470 ABŞ dolları) təşkil edir. Layihə Təşəbbüslər və Layihələr Mərkəzi tərəfindən icra olunur. Layihənin rəhbəri Ceyhun Osmanlıdır.

 

 Vüqar Orxan