Tarixdəki olaylar

 

15 yanvar 1906 – Sankt-Peterburqda Ümumrusiya müsəlmanlarının II qurultayı (15-23 yanvar) işə başlayıb. Qurultayda Rusiya Müsəlman İttifaqının (1905-ci ilin avqustunda Ümumrusiya müsəlmanlarının qurultayında təsis olunmuşdu) birinci Dövlət Dumasına seçkilərlə bağlı taktikası müzakirə edilib, yeni proqram qəbul olunub.

 

15 yanvar 1990 – Dağlıq Qarabağda gərginləşən münaqişənin qarşısında aciz qalan Azərbaycan SSR rəhbərliyi Dağlıq Qarabağ Muxtar Vilayətində və ona bitişik rayonlarda fövqəladə vəziyyətin tətbiq olunması üçün Moskvaya müraciət edib. Həmin gün SSRİ Ali Sovetinin Rəyasət Heyəti müvafiq qərar qəbul edib. Qərara əsasən, Ermənistanın Gorus rayonunda və İran-Azərbaycan (SSRİ) sərhədi boyunca da fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət elan edilən ərazilərə Sovet Ordusunun birləşmələri yeridilib, yerli hakimiyyət hərbçilərə verilib.

 

15 yanvar 1992 – Avstriya Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər həmin il fevralın 20-də quruldu.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

15 yanvar 1622 – Fransız dramaturqu Jan-Batist Molyer (Jean Baptiste Poquelin; 1622 – 17.2.1673) anadan olub. Avropa ədəbiyyatında klassik komediya janrının banisi sayılır. Əsərləri: “Tartüf”, “Psixeya”, “Zorən təbib”, “Xəsis” və s.

 

15 yanvar 1850 – Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu; 1850 – 15.6.1889) anadan olub.

 

15 yanvar 1902 – Türk şairi, dramaturq Nazim Hikmət (1902 – 3.6.1963) anadan olub. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət edib. Məzarı Moskvadadır. Ədibin “Məhəbbət əfsanəsi” pyesinin motivləri əsasında bəstəkar Arif Məlikov balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəlləli iki nəfər” (“Azərbaycanfilm”), “Məhəbbətim, kədərim mənim” (“Mosfilm”) filmləri çəkilib.

 

15 yanvar 1904 – Əməkdar artist Cabbar Əli oğlu Əliyev (1904 – 30.11.1973) Naxçıvanda doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə (“Qızmar günəş altında”, “Qaraca qız” (Piri baba), “Görüş”) çəkilib. 

 

15 yanvar 1907 – Aktyor, dramaturq, Əməkdar artist Məcid Baba oğlu Şamxalov (1907-1977) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. “Qayınana” komediyasının müəllifidir.

 

15 yanvar 1914 – Yazıçı Ənvər Yusifoğlu (Qasımov; 1914 – 4.3.1989) Yevlax rayonunda anadan olub. 30-40-cı illərdə sürgün həyatı yaşayıb. Əsərləri: “Düşmənimin düşməni” (povest), “Cərrahlar” (roman) və s.

 

15 yanvar 1931 – Dağıstanın, Rusiya Federasiyasının və keçmiş SSRİ-nin Xalq artisti, məşhur bəstəkar, dirijor, pedaqoq Murad Maqomedoviç Kajlayev (1931 – 23.12.2023) Bakıda anadan olub.

 

15 yanvar 1936 – Yazıçı-publisist, tərcüməçi Vaqif Musa (Vaqif Məmmədyusif oğlu Musayev; 1936–1996) Quba rayonunun Rustov kəndində anadan olub. “Bəyim çayı boyunca”, “Səhər mehi” və s. romanların müəllifidir.

 

15 yanvar 2025 – Aktrisa, müğənni Çimnaz Mütəllim qızı Sultanova (15.1.1980 – 2025) vəfat edib.

 

Hazırladı: Vüqar Orxan