Beynəlxalq Muğam Mərkəzi (BMM) tərəfindən özbək xalqının böyük alim və mütəfəkkiri Zəməxşərinin (Əbdülqasım Mahmud bin Ömər bin Məhəmməd əl Xarəzmi əz-Zəməxşəri; 1075–1144) “Müqəddimətül-ədəb” (“Ədəbiyyatşünaslığa giriş”) əsəri nəşr edilib.

BMM-nin nəşrləri seriyasından işıq üzü görən kitab filologiya elmləri doktoru, professor Tərlan Quliyevin əski əlifbadan müasir əlifbaya çevirməsi ilə ərsəyə gətirilib. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda hazırlanan nəşrin elmi redaktoru akademik Teymur Kərimlidir.

Kitab BMM-nin qardaş Özbəkistanla qarşılıqlı əlaqələrinə töhfədir.

Qeyd edək ki, Zəməxşərinin “Müqəddimətül-ədəb” əsəri türkoloji aləmdə Mahmud  Kaşğarinin “Divani luğat-it Türk” əsərindən sonra mühüm yer tutur. İlk növbədə, ərəbcə-farsca-türkcə (Xarəzm türkcəsi) lüğət olan əsərdə yüzlərlə türk söz və söz birləşməsi əksini tapıb. Əsər Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur.

Qeyd edək ki, beynəlxalq əməkdaşlıq BMM-nin fəaliyyət strategiyasında prioritet istiqamətlərdən biridir. Bu baxımdan BMM ilə Özbəkistanın ali təhsil müəssisələri və Makom Mərkəzi arasında imzalanan müqavilələrdə elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işləri, qarşılıqlı konsert və mədəni layihələr, ustad dərsləri kimi əməkdaşlıq məsələləri nəzərdə tutulur.

2025-ci ildə Özbəkistanın mədəniyyət elçisi adına layiq görülən BMM-nin direktoru Əməkdar artist Sahib Paşazadənin təşəbbüsü ilə Şərq dünyasının böyük alimi Zəməxşərinin əsərinin nəşri mədəni əlaqələrə töhfə olaraq bu istiqamətdə atılan növbəti addımdır. Qarşıdakı layihələrdən biri BMM-nin solistlərinin ifasında  Əlişir Nəvainin qəzəllərindən ibarət muğam gecəsinin təşkil edilməsi olacaq.