Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 14-də dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi, “PAŞA Həyat” Sığorta Şirkəti Hüquq departamentinin direktoru Səbuhi Göyüşovla görüşüb.
Səbuhi Göyüşovu salamlayan nazir “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunan müsabiqə Azərbaycanın intellektual və peşəkar potensialının üzə çıxarılması baxımından çox əhəmiyyətli platformadır. Sürətlə inkişaf edən respublikamızda bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində yeni nəsil idarəçilərə ehtiyac var. Müsabiqə qaliblərinin mədəniyyət sahəsi üzrə idarəetmədə fəaliyyətinə lazımi şərait yaradılır.
Adil Kərimli müsabiqənin idarəçi rəhbərlərindən biri kimi layihənin qalibləri ilə həvəslə əməkdaşlıq etdiyini məmnunluqla vurğulayıb.
Səbuhi Göyüşov görüşə görə təşəkkür edib, “Yüksəliş” müsabiqəsinin onun həyatında və karyerasında xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, müsabiqədə qalib olduqdan sonra göstərdiyi mentorluq dəstəyinə görə nazirə minnətdarlıq edib.
Mədəniyyət naziri Səbuhi Göyüşova həyatında və karyera fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı müvafiq Sərəncam imzalanıb.





















