C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında həyata keçirilən “Aktyor məşqləri” adlı ustad dərsləri əsasında hazırlanan “Şüuraltı kölgələr” adlı psixodramatik tamaşanın premyerası olub.

Tamaşa 2025-ci ilin aprel ayından etibarən Naxçıvan Muxtar Respublikasındakı xalq teatrlarında, daha sonra isə Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında davam etdirilən “Aktyor məşqləri” layihəsinin yaradıcılıq nəticəsi kimi ərsəyə gəlib.

Layihənin ideya müəllifi İsmayıl Mirzəcanov, tamaşanın quruluşçu rejissoru və təlimçisi Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrının direktoru və baş rejissoru Mir Qabil Əkbərovdur.

“Şüuraltı kölgələr” psixodramatik tamaşası Stella Adlerin “Təsəvvür və təxəyyül”, Vsevolod Meyerholdun “Biomexanika” və Konstantin Stanislavskinin “Sistem”i əsasında formalaşdırılan aktyor məşqlərinin səhnə həllinə çevrilməsi ilə hazırlanıb. Tamaşada insanın daxili aləmi, şüuraltı qorxuları, psixoloji gərginlikləri və daxili mübarizəsi plastik ifadə vasitələri və dramatik struktur üzərindən tamaşaçıya təqdim olunur.

Plastik həll, söz və hərəkətin sintezi əsasında qurulan tamaşa maraqla qarşılanıb.

“Şüuraltı kölgələr” tamaşası Naxçıvan teatr məkanında eksperimental və psixodramatik janrın inkişafına xidmət etməklə yanaşı, gənc aktyorların peşəkar səhnə təcrübəsinin formalaşmasında mühüm mərhələ kimi dəyərləndirilir.