Hər filmim kinoda yolumu göstərən işarə daşıdır...”                        

Türkiyənin tanınmış kinorejissoru, özünəməxsus kinematoqrafik dili ilə fərqlənən Nazif Tunç ilə maraqlı müsahibəmiz İstanbulda baş tutdu. Nazif Tunçun sənət dünyasını, xarakterini və şəxsiyyətini anlamaq üçün onun bir filminə baxmaq kifayətdir. Çünki onun filmləri sadəcə ekran əsəri deyil, cəmiyyətin güzgüsüdür. Tunç öz yaradıcılığında xüsusilə uşaqların, ailələrin və gənclərin sosial problemlərinə toxunur. O, hər bir ekran əsərində insanı düşündürən, vicdanı oyadan və dəyərləri qorumağa çağıran mövzulara yer verir.                                

Nazif bəy, kino anlayışını necə dəyərləndirirsiniz: onu sənət növü kimi, mənalandırma vasitəsi kimi, yoxsa spesifik bir düşünmə forması kimi görürsünüz?

Mənim üçün kino, bütün sənət növləri kimi, sənətkarın özünü ifadə etməsi, içindəki duyğuları başqalarına ötürməsi və ətrafa yayması üsuludur. Buna görə də kino həm estetika, həm sənət, həm də gözəlliklə yoğurulmuş bir ifadə formasıdır. Necə ki şeirdə ən mənalı cümlələrlə, ən dərin sözlərlə, simvolik ifadələrlə oxucuya hisslər ötürürüksə, filmdə ən təsirli görüntülərlə, duyğularla yaratmaq lazımdır.  Nəcip Fazıl Kısakürək ustadın dediyi kimi: Anladım işi, sənət Allahı axtarmaqdır. Bacarıq bu, qalanı sadəcə dəmir-çomaqdır. Mən kino sənətini insanları gözəlliyə, yaxşıya yönəltmək, onları pislikdən uzaqlaşdırmaq, insan təbiətinin ən nəcib və ən gözəl tərəflərini yenidən yaşatmaq üçün bir vasitə kimi görürəm.

Bir yaradıcı insan kimi çağın sürətinə qarşı dayanmağı seçirsiniz, yoxsa onunla birgə yol almağı?

İnsan övladı dəyişmir. İnsan, yaradıldığı ilk anda hansı duyğular içində olursa, bu gün də elədir. Dövr dəyişsə də, insanın mahiyyəti eyni qalır. İnsanda nə sevgi dəyişir, nə həsrət, nə inqilab eşqi, nə də hakimiyyət ehtirası. Diqqət etsəniz, sənətkarlar heç vaxt yalnız dövrlərin, zamanların sənətkarı olmurlar; onlar bu dəyişməyən əsas duyğuların üstündə dayanırlar. Əslində, insanı anlatmaq zaman və məkan fövqündə bir işdir, sərhədləri aşan bir axtarışdır. Əgər sən insanı ən doğru şəkildə ifadə edə bilsən, deməli, artıq bütün insanlığı ifadə etmisən.

“Kino dili” dediyimiz anlayış texniki bir məsələdir, yoxsa ruhun dərinliyinə enmək məsələsidir?

Əgər kino sadəcə texniki bir məsələ olsaydı, onu hesablamaq, ölçmək, formullara salmaq mümkün olardı. Bir sıra rəqəmlərin cəmi, bir sıra bucaqların hesabı ilə hər şey eyni nəticəyə çıxardı. Amma kino texnika deyil. Bu, duyğuların coşmasına, hisslərdəki fokuslanmaya, ifadə tərzinə bağlıdır. Hər kəs eyni mövzuda film çəkə bilər, eyni mövzuda ssenari yaza bilər. Amma çəkilən hər film fərqlidir. Məsələn, dünyada çoxları tərəfindən “Leyli və Məcnun” yazılıb, amma bu gün daha çox Füzulinin əsəri yaşayır – çünki o, eyni mövzunu daha dərin və bənzərsiz şəkildə ifadə edib.  Əgər bu iş texniki olsaydı, bütün yazılanlar eyni olardı, eyni uğuru əldə edərdi. Demək ki, sənətdə sirli bir vəziyyət var – yazanın bacarığına, rejissorun istedadına və yaradılış anında verilmiş fitri istedada bağlıdır. Hər kəs gözəl film çəkmək istəyir, amma bunu bacaranların sayı bəzən barmaqla sayılacaq qədər az olur.

Bir filmi həyata keçirərkən hansı çətinliklərlə üzləşirsiniz?

Bir filmin quruluşunu yaratmaq, dramını qurmaq, obrazlarını düzgün yerləşdirmək – bütün çətinliklər elə burada toplanır desək, yanılmarıq. Amma bugünkü dövrdə, xüsusilə Türkiyədə, film çəkən, çəkməyə cəhd edən rejissorların qarşısına çıxan ən böyük divar yalnız maliyyə divarıdır. Yəni aktyor var, texniki heyət var, güclü ssenari var. Amma yaxşı bir film yaratmaq üçün kifayət qədər büdcə lazımdır. O büdcəni tapmaq isə getdikcə çətinləşir. Əvvəllər bu daha asan idi, çünki kinonun, film çəkilişlərinin cəlbedici gücü və dəstəkçisi seyrçi idi. Dünyanın hər yerində bilet alan bir izləyici gələcək filmin yaranmasına birbaşa dəstək verirdi. Amma indi tədricən seyrçilər kinoteatrları tərk edir, rejissorlar filmləri ilə tək qalırlar. Təbii ki, bu, yenidən seyrçilərin kinoteatrlara axın etməsi ilə həll oluna bilər.

“Süni intellekt həyatı asanlaşdırır, amma sənətdə qələm və sənətkar istedadı lazımdır”

Texnologiyanın sürətli inkişafımı bu problemləri yaratdı, yoxsa başqa bir şey?

Xeyr, texnologiya yaratmadı. Texnologiya, əksinə, filmə çatmağı asanlaşdırdı. Artıq bir filmin izləyiciyə çatması əvvəlki kimi uzun müddət çəkmir. Problem insanların həzz dövrünə alışmasıdır – hər şeyi çox asan əldə edirlər, heç bir çətinliyə dözmürlər. Kinoteatra getmək belə artıq bir sosial fəaliyyət kimi görülmür. Əvvəllər kino bir sosiallaşma məkanı idi: insanlar toplanır, gülür, üzülür, bir film ətrafında birləşirdilər. İndi isə insanlar fərdiləşib. Bu, həm də “mən dövrü”, “həzz dövrü” anlayışı ilə bağlıdır. Sənət izləyicisiz yarımçıq qalır; kinonun ayağa qalxması üçün onun arxasında seyrçi dayanmalıdır.

Gənc rejissorlar süni intellektdən qorxmalıdırmı?

Qətiyyən qorxmamalıdırlar. Süni intellekt həyatı asanlaşdırır, amma sənətdə hələ də güclü qanadlar – qələm və sənətkar istedadı,güclü qələm, güclü ssenari, güclü aktyorlar, güclü simvollar lazımdır. Süni intellekt alternativ fikir verə bilər, amma vicdanı, mərhəməti yoxdur. Sənətçi isə cəmiyyətin vicdanıdır. Biz filmlərə baxanda, mərhəmət, insanlıq və ilahi ölçülərlə baxırıq. Dostoyevski kimi yazıçılar insanlığın vicdanı ilə yazırdı, biz də filmlərə və sənətə belə baxmalıyıq. Gənc rejissorlar süni intellektdən qorxmamalıdır, ondan vasitə olaraq istifadə edə bilərlər.

“Azərbaycan deyiləndə Turanın bir parçasını görürəm”

Azərbaycan sizin üçün nə anlama gəlir?

Azərbaycan deyiləndə mən bir Türk yurdunu, Turanın bir parçasını görürəm. Bir ümmət, dil birliyi, millət birliyi, din birliyi, min cür bəlalardan çıxmış, min zənciri qırmış bir millət, mərmər kimi sərt bir şəkildə imanını qorumuş bir millət görürəm. Əziz dostlarımın yurdu, vətənim kimi görürəm.

Azərbaycan kino sənətinin aktyorları ilə birlikdə çalışma fürsətiniz oldu...

1990-cı illərdən etibarən azərbaycanlı sənətçi dostlarımla sənətimi, kinematoqrafiyamı birləşdirmək və gücləndirmək arzusunda olmuşam. Azərbaycanın kinosunun canlı əfsanəsi Rasim Balayevin filmlərimdə iştirakı oldu. Onun peşəkarlığı həmin filmlərimə əvəzsiz töhfə verdi.

İkinci olaraq, Məlahət Abbasova ilə də çoxsaylı əməkdaşlığımız oldu. Məlahət xanım 1991–1992-ci illərdə Türkiyəyə gəlmişdi və o vaxtlar Azərbaycanda parlaq bir aktrisa kimi tanınırdı. Gəldiyi gündən bu yana çox sayda filmlərimdə yer alıb. Hər zaman rolunu uğurlu oynayıb. Son filmimiz olan “Qızıl buzov”da ("Altın buzağı") Qadın obrazını canlandırdı.  

Eyni zamanda sizin yaradıcılıq heyətinizdə də azərbaycanlılar var, bu birlik sizə nə qazandırır?

Onu deyim ki, son zamanlar sənət bir az pula tabe olub. Alqışla, pulla, “şöhrətlə” dəyərləndirilən bir şeyə çevrilib. “Mən nə qədər qazanacağam, nə qədər alqışlanacağam, nə qədər reytinq edəcəyəm?” – indi düşüncələr daha çox bunun üzərində qurulub. Amma Azərbaycandan gələn və ümumiyyətlə, Türk dünyasından olan sənətçi dostlarımızda başqa bir hal var – “mən necə iddialı, mənalı bir əsər yarada bilərəm?” – bu, onların düşüncəsində birinci yerdə durur. Buna görə də mən əsəri yaradan, həyatı ilə də pozulmamış, saf qalmış insanlarla işləməyi sevirəm.

Qeyd edim ki, 90-cı illərdən bəri İstanbulda Türk film həftələri, Bakıda isə Azərbaycan filmləri həftəsi keçirmişik. Mərhum rejissor Tofiq İsmayılovun Türkiyədə həm müəllim, həm də rejissor kimi fəaliyyət göstərib. Onun bu həftələrin keçirilməsində əməyi olub. Hər filmimizlə özümüzü tapdığımızı görürdük, öz təmsillərimizi, hekayələrimizi və mədəniyyətimizi kəşf edirdik.   

Türk kinosunda Azərbaycan dili və danışığı tez-tez zarafat və komediya elementi kimi təqdim olunur. Bunun səbəbi dil və danışıqda müəyyən fərqin olmasıdır, yoxsa başqa bir səbəb var?

Bu köhnə bir xəstəlikdir. Əsla pis bir niyyət yoxdur. Türk kinosunda azərbaycanlı xarakterləri və digər ölkə-regionlardan obrazların yumorla təsvir olunma ənənəsi mövcuddur. Bu köklü ənənə “Orta oyun” və “Qaragöz” kimi xalq oyunlarından gəlir. Albaniyalı, trakyalı, laz və ya azərbaycanlı obrazlar danışıq tərzi, hərəkətləri və şivələri ilə komediyanın əsas elementini təşkil edir. Oxşar tipoloji yumor yalnız türk kinosuna xas deyil; İtaliyada Lorelardi xarakterləri də aksentləri və davranışları ilə eyni funksiyanı daşıyır. Komediyanın əsas mənbəyi çox vaxt sözlərin və situasiyaların yanlış anlaşılmasıdır, amma dil və davranış təhqir vasitəsi olarsa, etiraz edilir.

"Nizami, Füzuli kimi dəyərlərimizlə bağlı filmlər çəkmək fikrim olub"

Gələcəkdə filminizdə əsl azərbaycanlı obrazı yaratmağı düşünürsünüzmü?

Gəncəli Nizami, Məhəmməd Füzuli kimi dəyərlərimizlə bağlı filmlər çəkmək fikrim olub. Bu obrazları yaradarkən onların dövrünün dil-danışıq və xarakter xüsusiyyətlərini əks etdirərək, azərbaycanlı aktyorlarla və ssenariyə uyğun olaraq digər bölgələrdən olan sənətçilərlə işləmək istərdim. “Dədə Qorqud”, “Koroğlu” dastanları və ya Bəxtiyar Vahabzadənin bir əsəri əsasında film çəkmək də mümkündür. Bu istiqamətdə yol almaq realist və maraqlı bir yanaşma olar. Çünki, açıq deyim, həm kinematoqrafiya, həm drama ənənəsi, həm də teatr baxımından azərbaycanlı aktyor və sənətkarlarda olan əsas dəyərlərin hələ də tam əriyib itmədiyi, çağımızın bəzi süni davranışlarından qorunduğu fikrindəyəm. Yüksək sənət ortaya qoymaq, təəssüf ki, bu gün pul, alqış, reytinq, gəlir kimi şeylərlə əvəzlənib. Halbuki əslində necədir? Pul tükənər, alqış səngiyər, reytinq düşər, ulduz sönər, amma bir şey qalır: əsərin özü.

Qarabağ zəfərindən sonra Şuşaya gedən ilk kinorejissorlardan biri oldunuz. Orada nə hiss etdiniz və film çəkmək fikri yarandımı?

Biz Şuşaya "Qorqud Ata" film festivalının Azərbaycanda keçirildiyi zaman getdik.  O zaman Şuşa “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilmişdi. İllərlə davam edən erməni zülmündən sonra qarşılaşdığımız şəhərdə yalnız insanların ruhu sarsılmamış, binaların divarları da dağıdılmış vəziyyətdə idi. İnşallah, qarşıdakı zamanda çiyin-çiyinə, ürək-ürəyə birgə, dirilən bu şəhəri də Türk dünyasına qazandırmaq əzmindəyik. Biz təkcə bina, hava limanını və yolları deyil, Türk dünyasının ruhunu canlandırmaq niyyətindəyik. Türkiyənin ümumi yanaşması belədir və  sənətçi olaraq bizim də bu  istiqamətdə oxşar bir baxışımız var. Şuşa hekayəsi, keçmişdə yaşanan ağrı, duyulan sevinc və həsrət – bunların hamısı filmdə işlənə bilər.

“Qorqud Ata” Film Festivalının qurucularından birisiniz. Bu festivalın əsas məqsədi və gələcəyə dair gözləntiləriniz nələrdir?

Türkiyənin tanınmış ictimai və siyasi xadimi, uzun illər bələdiyyə başqanı və mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışmış Ahmet Misbah Demircanın səyi nəticəsində  “Qorqud Ata” Türk Dünyası Film Festivalı ərsəyə gəldi. Artıq beşinci ildir həyata keçirilən bu festivalının əsas məqsədi Türk dünyasının birliyi, o cümlədən dil birliyi kimi prinsiplərini kino sahəsində də ifadə etməkdir. Festivalda nümayiş etdirilən filmlərin hamısının Türk dillərində çəkilməsi tələb olunur, bu isə festivalı dünyadakı digər festivallardan fərqləndirən əsas xüsusiyyətdir. Festivala əlavə olaraq “Qorqud Ata” Türk Dünyası Film Fondu yaradılması planlaşdırılır. Bu fond müxtəlif  türk xalqlarından müraciət edilən və heyət tərəfindən qiymətləndirilən layihələrə maliyyə dəstəyi verəcəkdir. Bu təşəbbüs Türk dünyasında kino sahəsini gücləndirərək yeni bir birlik və mədəniyyət əlaqələri qurmağı hədəfləyir.

“Qarışqa” məni rejissorlar masasına oturdan filmimdir”

Rejissorluq karyeranızda dönüş nöqtəsi olaraq gördüyünüz film hansıdır?

Hər kəs indi müəyyən meyarlar və fürsətlərə görə seçim edir; mükafat qazandığı filmi, pul qazandığı filmi, məşhur olduğu filmi seçir. Mənim ölçümün isə Peyğəmbər (s) haqqında yazılan naat (naat – Peyğəmbərin şəninə yazılan şeir, qəsidə – red.) olduğunu deyə bilərəm. Ədəbiyyatda şeir zamanla inkişaf edir və fərqli mərhələlərdən keçir. Şeirlərin hər biri bir üslubun və şairin yetkinləşməsinin göstəricisidir. Bu mərhələlər həm şairin dilindəki ustalığın, həm də şeirin mənəvi və bədii inkişafının bir sübutudur. Şeir, bir yandan klassik formaların təsiri altında qalarkən, digər yandan da yeni tərzlər və bədii yanaşmalarla özünü təzələyir və zamanla tam bir ustalıq səviyyəsinə çatır və sən Peyğəmbərinə naat yazmağa başlayırsan. Bu o deməkdir ki, artıq mənim qələmim Peyğəmbərə (s.) yaraşacaq bir söz deməyə çatır. Peyğəmbəri görmədən ona bağlı olan, onu sevən bir İslam alimi olan Veysel Karaniyə həsr olunan kiçik filmim var. "Karınca" (“Qarışqa”) adlı bir filmim isə məni rejissorlar masasına oturdan filmdir.                                  

Ən son çəkdiyim "Altın buzağı" filmim bu yolda atdığım ən önəmli addımlardan biridir. Film bir Quran ayəsini izah edir. Quranın içindəki bir ayəni məcazi və simvolik olaraq kino dili ilə hazırladıq. Bu səbəbdən bu film mənim üçün öyrədici bir təcrübə oldu. Hər filmim  kinematoqrafik  yolumu göstərən işarə daşıdır. Bu prosesdə həm sənətkar olaraq, həm də insan olaraq yeni bir şeylər öyrənirəm.

 

Nazif Tunçun İstanbulda rəhbərlik etdiyi “Halk Film” şirkəti fəaliyyət göstərir. Bu film şirkəti “Xalq içində Haqq ilə birlikdə" prinsipi ilə fəaliyyət göstərir, xalqın dəyərlərinə, mədəniyyətinə və mənəviyyatına xidmət göstərir. Onun çəkdiyi hər bir film bu məqsədin davamı, bu missiyanın təcəssümüdür. Rejissorun Azərbaycana və bütövlükdə Türk dünyasına olan sevgisi isə həm yaradıcılığında, həm də şəxsi münasibətlərində özünü göstərir. Biz də Nazif bəyə cansağlığı, sənət yolunda yeni uğurlar arzu edirik.  

Səidə Ömər

İstanbul Universitetinin doktorantı