1-2 may tarixlərində Naxçıvan Dövlət Universitetinin (NDU) təşkilatçılığı, AMEA, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetinin tərəfdaşlığı ilə “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransı keçirilir.
NDU-nun rektoru Elbrus İsayev açılış nitqində bildirib ki, konfransın keçirilməsinin əsas məqsədi Azərbaycan dilinin müasir inkişaf mərhələsində qarşıya çıxan nəzəri və praktiki məsələlərin, eləcə də müasir tədqiqat nəticələrinin elmi müstəvidə müzakirəsini təşkil etmək, elmi fikir mübadiləsi aparmaq və tədqiqatçılar arasında yeni elmi əməkdaşlıqların formalaşdırılmasına şərait yaratmaqdır.
Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı Fərmanına diqqət çəkən rektor bu istiqamətdə görüləsi işlərdən danışıb, Azərbaycan dilinin normalarını qoruyan mətnlər üzərində işləmək, ali və ümumtəhsil məktəbləri üçün yeni proqramlar ərsəyə gətirmək kimi məsələlərə diqqət çəkib.
AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev bildirib ki, Azərbaycan dilinin formalaşdırılmasına əsrlər boyunca böyük əmək sərf olunub. İsmayıl Hacıyev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il aprelin 27-də Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunmasının Ulu Öndərin Ana dilimizə göstərdiyi qayğının bariz nümunəsi olduğunu deyib.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında bildirib ki, bugünkü konfrans keçmişimiz, gələcəyimiz, milli kimliyimiz baxımından xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif elm sahələrinin dilçiliklə bir araya gətirilərək araşdırılması elmlərarası əlaqəni gücləndirir, yeni tədqiqat imkanları yaradır. Anar Nağıyev diqqətə çatdırıb ki, BSU-da yaradılmış süni intellektəsaslı dil laboratoriyası, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri vasitəsilə dilin həm akademik, həm də praktik səviyyədə öyrənilməsi təmin olunur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin “Dövlət dili strategiyasına elmin dəstəyi”, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, professor Zahid Məmmədovun “Dil iqtisadiyyatı: monetizasiya, strategiya və elmdə dil imperializmi”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin “Azərbaycan mədəniyyəti-2040” konsepsiyasında dil və milli kimlik problemi mövzularında məruzələri dinlənilib.
NDU-nun rektoru Elbrus İsayev tərəfindən konfransın ərsəyə gəlməsində əməyi olan məsul şəxslərə plaket və təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, konfransın proqramına 6 istiqamət üzrə 12 bölmədə 20 elm və təhsil müəssisələrindən 110 əməkdaşın 97 məruzəsi daxildir.























