Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyasının ikinci mərhələsi ilə bağlı mətbuat konfransı təşkil olunub.

Bakı Xoreoqrafiya Akademiyasında keçirilən mətbuat konfransında çıxış edən komissiya sədrləri proseslə bağlı fikrilərini səsləndiriblər.

Komissiya sədrlərindən biri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva imtahan prosesi barədə məlumat verib.

Qeyd edib ki, imtahanlar zamanı həm müsbət, həm də neqativ hallarla rastlaşıblar: “Regionlarımızda yüksək səviyyədə savad verən müəllimlərimiz də var. Attestasiya prosesinin keçirilməsi ümumilikdə adekvat şəkildə qəbul olundu. Müəllim, eyni zamanda, psixoloq kimi də fəaliyyət göstərməlidir, çünki o, kiçikyaşlı uşaqlarla işləyir. Bu prosesdə müəllim həm də öz bilik və bacarıqlarını şagirdlərə düzgün şəkildə ötürməlidir".

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, professor, komissiya sədri Könül Hüseynova diqqətə çatdırıb ki, müəllimlərin yetişməkdə olan gənc nəslə hansı istiqamətdə yanaşdığının şahidi olublar.

Əməkdar müəllim, komissiya sədri Qəzənfər Abbasov imtahan zamanı ən mühüm məqamlardan birinin müəllimlərin fəallaşdırması olduğunu vurğulayıb. O, attestasiyanın nəticəsində gələcək nəsillərə daha peşəkar səviyyədə təhsil verə bilən müəllim kadrlarının formalaşdığını bildirib.

Əməkdar artist, komissiya sədri Bəyimxanım Vəliyeva prosesin şəffaf keçirildiyini söyləyib: “Kameralar və səsyazıları vasitəsilə aparılan müşahidələr zamanı müsbət hallarla rastlaşdıq. Öz təcrübəmə əsaslanaraq hesab edirəm ki, dərs saatlarının artırılması məqsədəuyğundur”.

Diqqətə çatdırılıb ki, attestasiya Mərkəzi Aran, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Qazax-Tovuz, Dağlıq Şirvan bölgələrini əhatə edib, ilin sonunda isə Naxçıvan Muxtar Respublikasında keçiriləcək. 

Attestasiyalar Bakı Xoreoqrafiya Akademiyasının bazasında təşkil olunub. Bunun üçün zəruri şərait yaradılıb, şəffaflığın təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb, səs yazısı aparılıb, komissiya üzvləri isə həmin mərkəzdə fəaliyyət göstərib.

Son iki ildə 10 minə yaxın müəllim attestasiyaya cəlb olunub və onların 70 faizdən çoxu uğurlu nəticə göstərib. Bu dövr ərzində incəsənət müəllimləri üçün yeni fəaliyyət öhdəlikləri də formalaşıb. Bunlara ehtiyaclara uyğun təlimlər, işə qəbulda yeni yanaşmalar, ali təhsil müəssisələri ilə sistemli əməkdaşlıq, nəticələrə əsaslanan diferensial əməkhaqqı və optimal dərs bölgüsü daxildir.

Bunu isə Mədəniyyət Nazirliyinin Elm, təhsil sektorunun müdiri Muraz Məmmədov deyib.

O qeyd edib ki, attestasiya nəticələrinə əsasən, musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin dərs saatlarının artması ilə paralel olaraq orta əməkhaqqı 25 faiz yüksəlib. Əvvəlki attestasiya modeli əsasən inzibati nəzarət funksiyasını daşıyırdı və daha çox formal meyarlar üzərindən qiymətləndirməyə üstünlük verirdi. Yeni sertifikatlaşma modeli isə müəllimlərin real peşəkar bacarıqlarını, pedaqoji ustalığını, yaradıcı yanaşmasını və şagird nəticələrinə təsirini ölçməyi hədəfləyir.

“Təhsil haqqında” Qanuna və Əmək Məcəlləsinə edilə müvafiq dəyişikliklər musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin qiymətləndirilməsi mexanizminin müasirləşdirilməsini nəzərdə tutur. Yeni yanaşmaya əsasən, incəsənət müəllimlərinin peşəkar bilik və bacarıqları artıq ənənəvi attestasiya yolu ilə deyil, sertifikatlaşma mexanizmi vasitəsilə müəyyən ediləcək.da qeyd olunduğu kimi, müəllimlərin sertifikatlaşdırılması ilə bağlı müvafiq qaydalar hazırlanacaq və biliklərin qiymətləndirilməsi bu yeni mexanizm əsasında davam etdiriləcək.