Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Beynəlxalq Rəqs Gününə (29 aprel) həsr olunan “Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda V beynəlxalq simpozium keçirilib.

Tədbirdə çıxış edən Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Əməkdar artist Nailə Məmməd-Zadə simpoziumun məqsəd və əhəmiyyəti barədə danışıb.

Diqqətə çatdırıb ki, simpoziumun əsas məqsədi xoreoqrafiya sənətinin müasir inkişaf istiqamətlərini müzakirə etmək, elmi-nəzəri yanaşmaları təhlil etmək və beynəlxalq təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Simpozium çərçivəsində müxtəlif mövzularda elmi məruzələr dinlənilib. Azərbaycan, Özbəkistan, Rusiya və digər ölkələrdən olan məruzəçilər simpoziumu elmi fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının qurulması baxımından əhəmiyyətli platforma kimi dəyərləndiriblər.

Məruzələr “Azərbaycan xalq rəqslərində xoreoqrafik hərəkət və musiqi intonasiyasının sinxronlaşması”, “Azərbaycan xoreoqrafiya sənətində Tamilla Şirəliyeva fenomeni: ifaçılıqdan pedaqoji fəaliyyətə keçid”, “Hindistan musiqisinin janr palitrası”, “Toğrul Nərimanbəyovun yaradıcılığında musiqi və rəqs motivləri” və digər mövzuları əhatə edib.

Simpoziumun sonunda məruzəçilərə Bakı Xoreoqrafiya Akademiyası tərəfindən sertifikatlar təqdim edilib.