Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Mədəni irsin qorunması və innovasiyası üzrə qlobal liderlik” nominasiyasında beynəlxalq müsabiqədə qalib olub.
Mükafat Londonda fəaliyyət göstərən və qlobal brendlər üzrə ən son yenilikləri, analitik baxışları işıqlandıran nüfuzlu “Brands Review Magazine” onlayn jurnalı tərəfindən təqdim edilib.
Qiymətləndirmə prosesində Azərbaycanda mədəni irsin qorunması sahəsində rəqəmsallaşdırma, məlumat bazalarının effektiv idarə olunması, həmçinin işğaldan azad olunmuş ərazilərdə mədəni irsin qorunması, bərpası, istiqamətində həyata keçirilən layihələr nəzərə alınıb.
Son illərdə təkcə Dövlət Xidməti tərəfindən ölkə üzrə 80-ə yaxın mühüm tarix-memarlıq abidəsində bərpa, konservasiya və möhkəmləndirmə işləri aparılıb. Bir sıra mədəni irs nümunələri UNESCO-nun İlkin Siyahısına daxil edilib. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yerləşən 749 abidə isə dövlət mühafizəsinə götürülüb, inventarlaşdırma və pasportlaşdırma işləri aparılıb, onların rəqəmsal platformalara inteqrasiyası istiqamətində işlər davam etdirilir. Mədəni irs sahəsində ən mühüm nailiyyətlərdən biri isə Vahid Mədəniyyət Reyestri (VMR) vahid informasiya sisteminin yaradılmasıdır. VMR çərçivəsində mədəni irs obyektlərinin ən qabaqcıl texnologiyalar tətbiq edilməklə mərhələli və sistematik rəqəmsallaşdırılması icra edilməkdədir. Artıq 3 min yüz abidə barədə məlumat sistemə inteqrasiya edilib. Mədəni irs sahəsində vətəndaş mərkəzli xidmət modelinin formalaşdırılması məqsədilə 6 xidmətin “bir pəncərə” prinsipləri əsasında rəqəmsal formada fəaliyyəti təmin edilmişdir. Vətəndaş müraciətləri isə “MyCulture” vahid portalı üzərindən qəbul olunur.
Dövlət Xidməti hazırda fəaliyyətini “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasına uyğun olaraq davam etdirir. Eyni zamanda ölkə tarixində ilk dəfə mədəni və təbii irs ekosisteminə vahid yanaşmanı təmin edən xüsusi dövlət proqramının layihəsi tamamlanmaq üzrədir.
Xatırladaq ki, Dövlət Xidməti bundan öncə "International Business Magazine" beynəlxalq media qurumunun 2026-cı il üzrə təşkil etdiyi müsabiqədə "Mədəni irs üzrə ən yaxşı data innovasiyası" ("Best Cultural Heritage Data Innovation Azerbaijan") nominasiyasında mükafat alıb.



















