Şəki Şəhər İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Şəhərsalma və memarlıq üslubunu əsrlərdir yaşadan Şəki” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində yerli rəssamların Şəkinin zəngin tarixi-mədəni irsini, memarlıq ənənələrini və sənət nümunələrini əks etdirən əl işlərindən ibarət sərgi təşkil olunub.
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, YAP Şəki rayon təşkilatının, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun rəhbər şəxsləri və əməkdaşları, memarlar, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsinin ölkəmizdə dayanıqlı şəhərsalma proseslərində rolundan bəhs olunub.
Sonda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Şəki şəhərinin mədəni irsinin qorunması sahəsində səmərəli fəaliyyətinə görə bir sıra qurumlar Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən təltif olunub.
























