18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə, ölkəmizin digər bölgələrində olduğu kimi, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri də tarixi məkanlarda ekskursiyalar təşkil ediblər.
Bu barədə regional idarədən bildirilib.
Ekskursiyalar çərçivəsində Qazax rayon Xanlıqlar kəndi ərazisində yerləşən VI- VII əsrlərə aid ölkə əhəmiyyətli memarlıq abidəsi olan Didivan qalası və "Baba-Dərviş" yaşayış məskəni ziyarət edilib. Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova hər iki tarixi abidə haqqında məlumat verib.
Ekskursiya Qazax Müəllimlər Seminariyasının binası və XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidə olan İsrafil Ağa hamamını da əhatə edib.
Bundan əlavə, Ağstafa rayon Dağ Kəsəmən kəndi ərazisində yerləşən “Ağalıq təpə" yaşayış məskəni, Eyyub Ağa məscidi, Gədəbəy rayonunda yerləşən “Qanlı körpü”, Tovuz rayonunda Şah Abbas məscidi də ziyarət edilən məkanlar sırasında olub.
Ekskursiya iştirakçıları abidələrlə yaxından tanış olub, onların tarixi və memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat əldə ediblər.
























