Aprelin 16-da Milli Kitabxanada Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, milli musiqi irsimizin inkişafında mühüm xidmətləri olan Qəmbər Hüseynlinin 110 illiyi münasibətilə kitab sərgisi istifadəçilərə təqdim olunub.
“Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli – 110” adlı sərgidə bəstəkarın Milli Kitabxananın fondunda saxlanılan əsərləri, həyatı haqqında ədəbiyyatlar, Azərbaycan musiqi mədəniyyəti tarixində rolu, yaradıcılığı əsasında aparılmış elmi tədqiqatlar, dövri mətbuat materialları və s. nümayiş olunur.
Qəmbər Muxtar oğlu Hüseynli 1916-cı il aprelin 16-da Gəncə şəhərində anadan olub. Gənc yaşlarından xalq musiqisinə dərin maraq göstərib, klassik muğamların əsaslarını öyrənib və bu biliklər sonradan onun bəstəkarlıq fəaliyyətində mühüm rol oynayıb.
İlk musiqi təhsilini Gəncə Orta İxtisas Musiqi Məktəbində tar ixtisası üzrə alıb və məktəbi fərqlənmə diplomu ilə bitirib. 1929-1934-cü illərdə Gəncə Pedaqoji Texnikumunda təhsil alıb. Daha sonra Bakı Musiqi Texnikumunda violonçel (A.S.Şvartsın sinfi) və bəstəkarlıq (Q.Z.Burşteynin sinfi) üzrə təhsilini davam etdirib.
Qəmbər Hüseynli 1951-1954-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda bəstəkarlıq üzrə (B.Zeydmanın sinfi) ikinci dəfə ali musiqi təhsili alıb.
Onun yaradıcılığı çoxşaxəlidir. O, Gəncə Dövlət Dram Teatrında səhnəyə qoyulmuş “Şeyx Sənan”, “Qatır Məmməd”, “Almaz”, “Bəxtsiz cavan”, “Solğun çiçəklər”, “Namus” və digər dramatik əsərlərə musiqi bəstələyib. Aşıq Teymur Hüseynovun ifasında 55 aşıq havasını nota köçürərək ansambl üçün işləyib hazırlayıb.
Bəstəkarın yaradıcılığı xalq və uşaq mahnıları sahəsində də zəngindir. O, 300-dən artıq mahnı və romansın, eləcə də onlarla uşaq nəğməsinin müəllifidir. Xüsusilə “Cücələrim” mahnısı dünya miqyasında şöhrət qazanıb, 100-dən artıq dildə ifa olunub.
“İlk məhəbbət”, “Ay işığında”, “Tellər oynadı”, “Çeşmə başında”, “Düşər yadıma”, “Gecələr uzanaydı”, “Dolanım başına” kimi mahnıları bu gün də müğənnilər tərəfindən sevilərək ifa olunur və rəğbətlə qarşılanır.
Bəstəkarın həm peşəkar musiqiçi, həm də maarifçi kimi fəaliyyəti, müasir musiqi mədəniyyətimizin formalaşmasında göstərdiyi səmərəli xidmətləri qiymətləndirilib.
Qəmbər Hüseynli “Əməkdar incəsənət xadimi” fəxri adına, “Şərəf nişanı” ordeninə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli sərəncamı ilə Qəmbər Hüseynlinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub, 2018-ci ildə Gəncədə heykəli ucaldılıb.



















