Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda rəssam Əli İsmayıl Əliyevin "Qərbi Azərbaycan" adlı fərdi sərgisi açılıb.

ARİ sədri Xalq rəssamı Fərhad Xəlilov sərgi haqda ətraflı məlumat verib, rəssamın rəngkarlıq əsərlərinin bədii əhəmiyyətindən danışıb.

Qərbi Azərbaycan İcması idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli rəssamın yaradıcılığında Qərbi Azərbaycan mövzusunun xüsusi önəm daşıdığını vurğulayıb və onun əsərlərində hər zaman bu coğrafiyanın mədəniyyət abidələrinin və adət-ənənələrinin incəliklə və dəqiqliklə əks olunduğunu qeyd edib.

Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Şamilli və sənətşünas Rəfail Gülməmmədli rəssamın yaradıcılığı, əsərlərinin bədii keyfiyyətlərindən söhbət açıblar.

Sonda Əli İsmayıl Əliyev çıxış edərək yaradıcılığına göstərilən dəstəyə görə  Rəssamlar İttifaqına və sərgidə iştirak edənlərə təşəkkürünü bildirib.

İştirakçılar sərgi ilə tanış olublar.

Ekspozisiyada rəssamın müxtəlif illərdə və fərqli janrlarda işlənilən 50-yə yaxın rəngkarlıq əsəri nümayiş olunur.

Sərgi aprelin 18-dək davam edəcək.