Türkiyə turizm sahəsində Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığı dərinləşdirmək üçün birgə layihə və proqramların həyata keçirilməsini vacib sayır.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bu barədə Ankarada 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresinin açılışında çıxışı zamanı bildirib.

Mehmet Nuri Ersoy Ankara şəhərinin “2026-cı il Türk Dünyasının Turizm Paytaxtı” elan edilməsini Türkiyə üçün qürur mənbəyi adlandırıb. "Əminəm ki, builki tədbirlər proqramı bizim strateji hədəfimiz olan Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək. Bu məqsəd Türkiyənin bir çox dövlət proqramlarında öz əksini tapıb”, – deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, turizm təkcə iqtisadiyyatın bir hissəsi deyil, həm də ölkələrin mədəniyyətinin, dilinin və ənənələrinin təşviqi vasitəsidir: “Əminəm ki, qardaş dövlətlərin sıx əməkdaşlığı sayəsində TDT ölkələrinin turizm sənayesi qlobal turizm və səyahət sistemində daha layiqli yer tutacaq”.

Mehmet Nuri Ersoy Türkiyənin turizm sənayesinin yüksək göstəricilərinə diqqət çəkərək xatırladıb ki, 2025-ci ildə ölkəni 64 milyon turist ziyarət edib, turizm gəlirləri isə 65,2 milyard dollara çatıb: “Bu rəqəmlər bizim üçün yeni nailiyyətlərə doğru fəaliyyətin başlanğıcıdır. Türkiyə bütün ölkəni əhatə edərək, turizm mövsümünü ilboyu uzatmağa çalışır”.

***

Türkiyə türk dövlətləri arasında turizmə maneələrin aradan qaldırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Biz səyahətlərin asanlaşdırılması üçün razılaşmaların, eləcə də vahid muzey xəritələri tətbiqinin hazırlanmasının tərəfdarıyıq və bu prosesdə olan irəliləyişlər bizi məmnun edir.

Bunu isə konqresdə çıxışı zamanı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) türk dövlətləri ilə əlaqələr üzrə sədr müavini professor Kürşad Zorlu vurğulayıb.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin turizm potensialının təşviqi ilə bağlı təşəbbüslər tezliklə Türkiyə aviaşirkətlərinə təqdim olunacaq.

K.Zorlu nəzərə çatdırıb ki, son sorğulara görə, Türkiyə sakinlərinin yalnız 8,7 faizi türk dövlətlərini ziyarət edib, halbuki respondentlərin 58 faizi qardaş ölkələrə səyahət etmək istəyini bildirib.

Qeyd edək ki, Ankaranın “2026-cı il Türk Dünyasının Turizm Paytaxtı” elan edilməsi tədbirləri çərçivəsində 15-17 aprel tarixlərində keçirilən beynəlxalq konqresə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də qatılıb.