M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə Hacıbaba Hüseynovun əziz xatirəsinə həsr olunan konsert proqramı təqdim olunub.
Filarmoniyadan bildirilib ki, gecədə muğam sənətinin tanınmış ifaçıları – Xalq artistləri Simarə İmanova, Zabit Nəbizadə, Əməkdar artistlər Zakir Əliyev, Nuriyyə Hüseynova, Aqil Məlikov və Elgiz Əliyev, Vəfa Vəzirova, Məmməd Nəcəfov, Rövşən Bəşirov, Mütəllim Dəmirov və Hüseyn Məlikov səhnəyə çıxıblar.
Solistləri Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədovun (kamança) rəhbərliyi ilə xalq çalğı alətləri ansamblı, həmçinin Altay Niftəliyev (tar) və Xəyyam Məmmədov (kamança) müşayiət ediblər.
Konsert proqramında “Segah”, “Bayatı-Şiraz”, “Çahargah” və “Rast” təsnifləri, eləcə də “Ay Dilbər” kimi sevilən xalq mahnıları səsləndirilib.
Hacıbaba Hüseynovun zəngin muğam irsini yad edən musiqi axşamı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
























