Xəbər verildiyi kimi, martın 5-də İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının ərazisinə –  Naxçıvan Beynəlxalq Hava Limanına və Naxçıvan MR-də digər mülki infrastruktura hücum olub. Dronlardan biri hava limanının terminal binasına, digər dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Nəticədə dörd nəfər xəsarət alıb.  Naxçıvan Muxtar Respublika Xəstəxanasından bildirilib ki, dron hücumu nəticəsində xəsarət alan 2 nəfərə braotravma, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Onların vəziyyəti stabil qiymətləndirilir, müvafiq şöbələrə yerləşdiriliblər.

***

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda vurğulanır ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.

"İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, - deyə bəyanatda bildirilir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib, müvafiq etiraz notası təqdim edilib.

***

İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir.

"Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirləri hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq”, - deyə Müdafiə Nazirliyinin məlumatında vurğulanır.