Türk Akademiyasının nəzdində fəaliyyət göstərən Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARICA) ikinci iclası Türkiyənin Qaziantep şəhərində keçirilib.

İclasda Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Tarix Qurumunun başqanı Yüksel Özgen, Türkiyə Arxeologiya və Mədəni İrs İnstitutunun direktoru Şaban Doğan, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev,  Qazaxıstan, Qırğızıstan, Macarıstan və Monqolustanun sahə üzrə elmi qurumlarının rəhbərləri, aparıcı arxeoloqlar və alimlər iştirak ediblər.

ARICA Türk Akademiyasının təşəbbüsü ilə yaradılıb və 2023-cü ildə Səmərqənddə rəsmi olaraq təsis edilib. Təşkilat birgə arxeoloji tədqiqatlar, təcrübə mübadiləsi və türk sivilizasiyası tarixinin öyrənilməsinə vahid elmi yanaşmanın inkişafı üçün beynəlxalq platformaya çevrilməyi qarşısına məqsəd qoyub.

Birliyin ilk iclası 2024-cü ildə Azərbaycanın Şuşa şəhərində keçirilib və burada birgə layihələrin inkişafı ilə bağlı əsas qərarlar qəbul edilib. İkinci tədbir Türkiyənin Qaziantep şəhərində baş tutub.

Türk Akademiyasından verilən məlumatda o da diqqətə çatdırılır ki, ARICA-nın toplantıları üçün Səmərqənd, Şuşa, Qaziantep şəhərlərinin seçilməsi rəmzi xarakter daşıyır. Bu şəhərlərin hər biri Türk dünyasının tarixi xəritəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, həm də Orta Asiyadan Anadoluya qədər sivilizasiya məkanını birləşdirən qədim mədəniyyət irsinin mühafizəçisidir.

İclasın açılışında çıxış edən Türk Akademiyasının prezidenti Ş.Mustafayev qeyd edib ki, sovet dövründə türk cümhuriyyətlərində arxeoloji tədqiqatlar onların milli tarixləri, Türkiyədə isə klassik və Bizans arxeologiyası çərçivəsində aparılıb: "Bunun nəticəsidir ki, Türk dünyasının arxeologiyasına vahid yanaşma formalaşmayıb. “Ümumi türk arxeologiyası” konsepsiyasının nəzəri əsasını hazırlamaq lazımdır. Bu, birliyimizin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməlidir”.

İclas iştirakçıları öz ölkələrində aparılan arxeoloji qazıntıların gedişatını təfərrüatı ilə təqdim edən, sahə təcrübələrini bölüşən və əsas tədqiqatların nəticələri barədə məlumatları paylaşan məruzə və təqdimatlarla çıxış ediblər.

Tədbirin yekununda Türk dünyası ölkələri arasında birgə layihələrin işlənib hazırlanması və elmi əməkdaşlığın gücləndirilməsi niyyətini möhkəmləndirən əməkdaşlıq memorandumu imzalanıb.

Türk dünyasının arxeoloqları Ankaraya da səfər edib, burada Hacettepe Universitetinin Antropologiya laboratoriyası və HÜNİTEK laboratoriyasının işi ilə tanış olublar.

Qaziantepdə keçirilən iclasın iştirakçılarına, həmçinin Türkiyə Arxeologiya və Mədəni İrs İnstitutunun arxeometrik laboratoriyasında arxeoloji tapıntıların təhlili üzrə ən son metodlar və birgə tədqiqat layihələrinin nəticələri də təqdim olunub.