Azərbaycanın klassik musiqisini Avropada tanıtmaq məqsədi daşıyan II “Sounds of the Land of Fire” Beynəlxalq Musiqi Müsabiqəsi Vyanada uğurla başa çatıb. Layihə Azərbaycan klassik musiqisinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.

Müsabiqənin final mərhələsi və laureatların qala-konserti Vyana şəhərinin mərkəzində yerləşən Fortepiano Qalereyasının İmperator zalında və Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) keçirilib.

Müsabiqənin təşkilatçısı və baş sponsoru 2002-ci ildə Avstriyada təsis edilən və hazırda Sahilə Rzazadənin rəhbərlik etdiyi Azərbaycan Akademik Birliyidir. İyirmi ildən artıq müddətdir ki, bu birlik Avstriya və Azərbaycan arasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Müsabiqənin digər sponsoru Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, tərəfdaşı isə Vyanadakı AMM olub.

Müsabiqənin təntənəli açılışında Vyanadakı AMM-nin direktoru Leyla Qasımova və Azərbaycan Akademik Birliyinin rəhbəri Səhilə Rzazadə çıxış ediblər.

Leyla Qasımova bildirib ki, yarışmanın ikinci dəfə keçirilməsindən və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmasından məmnunluq duyduğunu ifadə edərək, təşkilatçılara, münsiflər heyətinə və iştirakçılara uğurlar arzulayıb.

Sahilə Rzazadə münsiflər heyətinə, sponsorlara, tərəfdaşlara və xüsusilə də öz komandasına təşəkkürünü bildirib. 

Rəsmi çıxışlardan sonra 2022-ci ildə keçirilmiş birinci müsabiqənin tarixini, layihənin missiyasını, məqsədlərini, mükafatlarını və finalçılarını əks etdirən video təqdim olunub. Videodakı klassik musiqi ilə süni intellekt texnologiyalarının vəhdəti xüsusi maraq doğuran yaradıcı yanaşma kimi yadda qalıb.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti, professor Fərhad Bədəlbəyli münsiflər heyətinin sədri qismində çıxışında müsabiqənin əhəmiyyətini vurğulayıb.

Daha sonra münsiflər heyətinin üzvləri və Sahilə Rzazadə laureatlara diplom və mükafatları təqdim ediblər.

Xüsusilə vurğulanmalıdır ki, müsabiqənin bu qəbildən olan digər yarışmalardan əsas fərqləndirici xüsusiyyəti Azərbaycan bəstəkarlarının əsərlərinin ifasının əsas şərtlərdən biri olmasıdır. Müxtəlif ölkələrdən finala vəsiqə qazanmış gənc pianoçular ilk dəfə olaraq Qara Qarayev, Cövdət Hacıyev, Əşrəf Abbasov, Tofiq Quliyev, Qalib Məmmədov, Fərhad Bədəlbəyli və digər müəlliflərin zəngin irsinə müraciət ediblər. Bu layihə çərçivəsində dünya musiqi ictimaiyyətini Azərbaycan mədəniyyətinə daha da yaxınlaşdırmaq missiyası tam şəkildə həyata keçirilib.

Müsabiqənin nəticələrinə əsasən, Eunseon Ahn (Cənubi Koreya) birinci yerə, Nanase Kuroki (Yaponiya) və Naoe Sasaki (Yaponiya) ikinci yerə, Hidayət Sadıqbəyli (Azərbaycan) və Tomiris Bekturova (Qazaxıstan) üçüncü yerə layiq görülüblər.

Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifasına görə Daniel Boura (Çexiya) xüsusi mükafatla təltif edilib. O, Əşrəf Abbasovun “Folk Song (6 Miniatures)” və “Humoreska” əsərlərini, həmçinin Cövdət Hacıyevin “Joke” və “Fairy Tale” əsərlərini yüksək peşəkarlıqla səsləndirib.

Münsiflər heyətində Xalq artisti Fərhad Bədəlbəyli (fəxri sədr) ilə yanaşı, Milan və Linz konservatoriyalarının professoru, Bakıda doğulmuş Oleq Marşev, Vyana Rixard Vaqner Konservatoriyasının professoru Ştefan Möller, pianoçu və bəstəkar Abuzər Manafzadə, pianoçu Kamalə Əhmədova və musiqişünas, pedaqoq, Vyanadakı “Musiqi sevinc gətirir” məktəbinin rəhbəri Fərəh Tahirova yer alıblar.

Yaxın gələcəkdə qaliblərin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına BMA və Vyanadakı AMM-nin dəstəyi ilə konserti nəzərdə tutulur.

Münsiflərin fikrincə, müsabiqə yeni istedadların ortaya çıxarılması üçün əsl kəşf xarakteri daşıyıb. İştirakçıların hazırlıq səviyyəsi və peşəkarlıq dərəcəsi çox yüksək olub. Azərbaycan musiqisinin ifası isə bir çoxları üçün ilk dəfə olmaqla yanaşı, böyük maraq və dərin emosional təsir yaradıb.

“Sounds of the Land of Fire” layihəsi haqqında ətraflı məlumatı müsabiqənin saytından əldə etmək mümkündür – www.lofmc.com