İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinə səfər edib.

İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, səfər çərçivəsində bir sıra görüşlər keçirilib, ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Nümayəndə heyətinin Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşündə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin gücləndiyi, tərəfdaşlığın inkişafında yüksəksəviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulanıb. Azərbaycanın iqtisadi prioritetləri və potensialı, investorlar üçün yaradılan fürsətlər haqqında məlumat verilib, birgə fəaliyyətin inkişaf perspektivləri qeyd olunub.

Qətərin Baş naziri ölkəsinin Azərbaycanla münasibətlərinin səmimi dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib, iqtisadi sahədə işbirliyinin genişləndirilməsinə dair fikirlərini bölüşüb. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətlərini dəyərləndiriblər.

Qətərin ticarət və sənaye naziri Şeyx Faisal bin Tani bin Faisal Al Tani ilə görüşdə diqqətə çatdırılıb ki, ticarət əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərdə prioritet məqsədlərdəndir. Qarşılıqlı investisiyaların həcminin artırılması hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək. Görüşdə ölkəmizin əlverişli işgüzar mühiti, tranzit imkanları haqqında məlumat verilib, yaşıl texnologiyalar, kənd təsərrüfatı, infrastruktur və sənayenin modernləşdirilməsi kimi prioritet istiqamətlərə investisiyaların artırılması imkanları nəzərdən keçirilib.

Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Al-Suveydi ilə görüş zamanı birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğu qeyd edilib. Qarşılıqlı sərmayə qoyuluşu, birgə potensial layihələr, hər iki ölkənin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi kimi məsələlər müzakirə olunub.

Qətərin “Power International Holding”nin Direktorlar Şurasının sədri Mutaz Al-Xayyat ilə görüşdə iqtisadi sferada qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyəti qeyd edilib, şirkətlə enerji sektoru üzrə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanları dəyərləndirilib.

Səfər çərçivəsində SOCAR-la Qətərin “UCC Holding”i arasında enerji sektoru üzrə tərəfdaşlığı nəzərdə tutan sənədlər imzalanıb. Anlaşma memorandumlarını SOCAR-ın prezidenti Rövşən Nəcəf və “UCC Holding”in prezidenti Ramez əl-Xayyat imzalayıblar. 

***

Qeyd edək ki, Azərbaycan 1-3 sentyabr tarixlərində Qətərin Doha şəhərində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ərzaq Təhlükəsizliyi Ehtiyat Sisteminin yaradılması məqsədilə keçirilən "Yüksək səviyyəli ekspert görüşü"ndə də təmsil olunub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Azad Cəfərlinin başçılığı ilə heyət iştirak edib.

Səfər zamanı Azərbaycan heyətinin Qətər Dövləti Bələdiyyə Nazirliyinin Ərzaq Təhlükəsizliyi Departamentinin direktoru Masoud Al-Marri ilə görüşündə kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.