Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün (1897–1961) zəngin irsini yaşadan və bu ənənələri gənc nəslə ötürən Bülbül vokal məktəbi 2025/2026 tədris ili üzrə tələbə qəbulunu elan edib.

Məktəbdən bildirilib ki, müsabiqədə 10–35 yaş aralığında musiqi təhsili olan şəxslər iştirak edə bilərlər. Namizədlər öz CV-lərini və ifalarının videoyazılarını təqdim etməklə ilkin seçim mərhələsində iştirak edəcəklər. Birinci mərhələni uğurla keçən iştirakçılar növbəti mərhələyə – canlı dinlənilməyə dəvət olunacaqlar.

Bülbül vokal məktəbi Əməkdar artist Ramil Qasımovun təşəbbüsü ilə yaradılıb və Azərbaycanda ödənişsiz vokal dərslərinin keçirildiyi ilk və yeganə məktəb kimi üç ildir onun rəhbərliyi ilə fəaliyyət göstərir.

Sənəd qəbulu iyulun 20-dən başlayıb və avqustun 20-dək davam edəcək.

Əlavə məlumat və müraciət üçün (010) 317 18 97 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.