Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı ilə iyulun 18-də İstanbulda “Türk Dünyası Kino Rəhbərlərinin II Görüşü” keçirilib.
Görüşə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın kino sahəsi üzrə məsul şəxsləri qatılıblar.
Tədbir TÜRKSOY Daimi Şurasının 2023-cü ildə Şuşada keçirilən 40-cı toplantısında qəbul edilmiş qərarlar əsasında, kino sektorunun mədəni irsin qorunması, həmçinin gələcək nəsillərə ötürülməsindəki rolunun gücləndirilməsi məqsədilə təşkil edilib.
TÜRKSOY-un baş katibi Sultan Raev açılış nitqində ortaq yaddaş və mədəniyyətin formalaşdırılması üçün birgə fəaliyyətin önəmini vurğulayıb. O, kinonun ümumtürk sivilizasiyasının zəngin irsini dünyaya çatdırmaq baxımından ən güclü vasitələrdən biri olduğunu qeyd edib.
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktorunun müavini Qurban Primov çıxışında ölkəmizin kino sahəsində həyata keçirdiyi siyasət, beynəlxalq əməkdaşlıq istiqamətləri və gələcək planlar barədə ətraflı məlumat verib. O, həmçinin bu il növbəti dəfə keçiriləcək “Baku Cinema Breeze Festivalı” haqqında danışaraq iştirakçıları festivala dəvət edib. ARKA rəsmisi türkdilli ölkələr arasında distribusiya, dublyaj və animasiya sahələrində əməkdaşlıqla bağlı təkliflər də irəli sürüb.
Görüşdə ortaq film istehsalı, kino festivallarında əməkdaşlıq və birgə kino fondu yaradılması kimi məsələlər müzakirə olunub.
Tədbirin yekununda iştirakçı ölkələrin nümayəndələri tərəfindən ortaq protokol imzalanıb.
Qeyd edək ki, görüş Türkiyənin ssenari inkişafı və ortaq istehsal platforması olan “TRT 12 Punto” tədbirləri ilə paralel təşkil edilib.
“12 Punto 2025” çərçivəsində keçirilən “Türkiyə ilə Türk dünyası arasında ortaq istehsalda yeni körpülər” adlı panel müzakirəsində türk dövlətlərinin kino sahəsi üzrə qurumlarının rəsmiləri iştirak ediblər. Paneldə ortaq istehsal imkanları, əməkdaşlıq platformaları və gələcək perspektivlər müzakirə olunub.
Paneldə ARKA baş direktorunun müavini Qurban Primov, Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin Kino Departamentinin baş direktoru Ulan Adamaliev, “Kazakfilm”in icraçı direktoru Asset Yernazarov, Qazaxıstanın Milli Kinoya Dəstək Mərkəzinin sədri Jumagali Kurmanbek, Özbəkistan Kinematoqrafiya Agentliyinin baş direktoru Şuxratulla Rızayev, “Oğuzxan” Türkmənfilm Birliyinin sədr müavini Salih Bayramov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsinin direktoru Birol Güven və “TRT Sinema”nın rəhbəri Faruk Güven iştirak ediblər.
Müzakirələr zamanı ölkələrarası birgə layihələrin həyata keçirilməsi, kino üzrə təlim və təcrübə proqramlarının təşkili, qarşılıqlı film mübadiləsi və festival əməkdaşlığı mövzularında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyətləri TRT-nin pavilyonunu da ziyarət edərək televiziya və kino sahəsində tətbiq olunan müasir texnoloji imkanlar, çəkiliş və post-prodakşn prosesləri ilə tanış olublar.
Azərbaycan nümayəndə heyəti Türkiyənin bir sıra özəl film şirkətləri ilə görüşlər də keçirib. Studiyaların tətbiq etdiyi texniki infrastruktur, yüksək keyfiyyətli istehsalat imkanları və əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.