Xəbər verildiyi kimi, Türkmənistan Xalq Məsləhətinin sədri, türkmən xalqının Milli Lideri  Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Azərbaycana gəlib.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

Türkmən lideri Bakıdakı Zəfər parkını, Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Qurbanqulu Berdiməhəmmədov Milli Məclisin sədri Sahibə Qafarova və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Şeyxülislam Allahşükür Paşazadə ilə də görüşüb.

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri “Sea Breeze” istirahət mərkəzində olublar.

***

İyulun 17-də İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşa şəhərinə gediblər.

Dövlətimizin başçısı və türkmən lideri Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar. Qonağa şəhərdə yeni Şuşa məscidinin inşası barədə məlumat verilib.

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.

Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar.

Milli Məclisin deputatı Polad Bülbüloğlu qonağa görkəmli musiqiçinin bu evdə anadan olduğu və uşaqlıq illərini burada keçirdiyi barədə məlumat verib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün doğulduğu və yaşadığı ev onun ev-muzeyinə çevrilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalıb. Şuşanın azad olunmasından sonra, digər tarixi-mədəni abidələrimiz kimi, Bülbülün ev muzeyinin də bərpasına başlanılıb və 2021-ci ilin avqustunda bərpa işlərinin bitməsindən sonra muzeyin açılışı olub.

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Yuxarı Gövhər Ağa məscidini də ziyarət edib, Mehmandarovların malikanə kompleksində olublar.

Sonra İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Cıdır düzünə gəliblər.

Burada Qarabağ atlarının təqdimatı keçirilib.

Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib.