İyulun 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) yenilənmiş elektron kitabxananın təqdimatı keçirilib.

Tədbirdən öncə Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov elektron kitabxana işinin səmərəli təşkili, oxucuların rahatlığı və vaxta qənaət etməsi məqsədilə yeni alınmış avadanlıqlardan istifadə barədə məlumat verib.

Təqdimat mərasimini açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son 3 il ərzində akademiyada aparılan çoxistiqamətli islahatlar içərisində elektron xidmətlərin genişləndirilməsi işinin mühüm yer tutduğunu söyləyib. Bildirib ki, XXI əsrin indiki mərhələsində elektron hərəkatın geniş miqyasda tətbiqi olduqca vacibdir. Mərkəzi Elmi Kitabxananın elektron kitabxanasının yenidən təşkilinin bu istiqamətdə həyata keçirilən islahatların tərkib hissəsi olduğunu deyən İsa Həbibbəyli qeyd edib ki, yenilənmiş sistemlə həm AMEA işçiləri, həm də digər oxucular vaxt itkisi olmadan, istənilən yerdən kitabxananın xidmətlərindən istifadə edə biləcəklər.

Akademiyanın həm regionlarda, həm də paytaxt Bakıda yerləşən elmi müəssisələrindəki kitabxanaların da elektronlaşmasının mühüm olduğunu deyən akademik İsa Həbibbəyli artıq bu istiqamətdə də bir sıra institutlarda işlərə başlanıldığını, növbəti il isə bütün müəssisələrdə yekunlaşdırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb, bununla bağlı institutların məsul şəxslərinə tapşırıqlarını verib.

Akademik İsa Həbibbəyli bildirib ki, Rəyasət Heyətinin 2023-cü ilin yanvar ayında qəbul etdiyi qərarla AMEA-da “Elektron Akademiya” şöbəsi yaradılıb. AMEA-da elektron xidmətlərin müasir standartlar səviyyəsinə çatdırılması məqsədilə şöbənin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranovun rəhbərliyi altında qısa müddətdə bir çox uğurlara imza atılıb. AMEA-nın elmi nəşrlərinin elektron versiyası yaradılıb, işıq üzü görən hər bir məqaləyə DOİ identifikatoru verilib, Akademiyanın 3 jurnalı TÜBİTAK-ın DərgiPark bazasına daxil edilib, həmçinin milli DərgiPark şəbəkəsi yaradılıb. Bundan əlavə, alimlərin məqalələrinə edilən istinadları hesablamaq məqsədilə milli istinad sistemi yaradılıb, eləcə də robot texnologiyaları, Vikipediya istiqamətində bir çox addımlar atılıb. Bu günlərdə şöbənin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov Çində süni intellektə həsr olunmuş beynəlxalq konfransda iştirak edib, dünya elmində bu sahədə gedən yeniliklərlə tanış olub.

Görülmüş işlər barədə interaktiv şəkildə təqdimat edən MEK-in direktoru Hüseyn Hüseynov bildirib ki, ötən ilin sentyabr ayında kitabxanada yeni yaradılan elektron kitabxananın ilkin təqdimatı keçirilib. Direktorun sözlərinə görə, ilkin təqdimata qədər yenidən qurulmuş e-kitabxanaya 1470 PDF resurs daxil edilib, 8000 e-resurs hazırlanıb. Hazırda bu göstəricilərin sayı xeyli artıb. Belə ki, bu günə qədər e-kitabxana üçün hazırlanan 51 min 875 PDF kitabdan 32 min 345-i artıq sayta yüklənərək oxucuların istifadəsinə verilib və bununla da e-kitabxananın resurs bazası genişlənib.

Hesabat dövründə elektron kataloqa 127 min yeni resurs əlavə olunub ki, bununla da, elektron kataloqda resursların sayı 827 minə çatıb. Eyni zamanda, “E-kitabxanalara çıxış”, “Bazalara çıxış”, “E-layihələr”, “Audio fayllar”, “Avtoreferatlar”, “Xəritələr”, “E-jurnallar”, “E-biblioqrafiyalar”, “E-kitablar” da MEK-in saytına daxil edilib. 

MEK rəhbəri onu da qeyd edib ki, son dövrdə kitabxana saytı dizayn və istifadə baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Azərbaycan kitabxanaları arasında ilk dəfə olaraq genişlənmiş və əsaslı “Səsli axtarış” funksiyası tətbiq edilib, süni intellekt əsaslı “Kitabxana bələdçisi” yaradılıb. Bundan əlavə, inklüziv xidmət resurslarının hazırlandığını bildirən MEK rəhbəri onu da diqqətə çatdırıb ki, burada “Audio resurslar”, “Danışan kitablar”, “Audio teatr” kimi maraq doğuracaq bölmələr yer alıb.

Növbəti yeniliyi qeyd edən direktor vurğulayıb ki, artıq oxucular MEK-in Biblioqrafik xidmət sektorunun əməkdaşları ilə birbaşa onlayn canlı ünsiyyət yarada biləcəklər. İstifadəçilər “Whatsapp” platforması üzərindən əməkdaşlara kitabxana ilə bağlı sualları verməklə lazımi informasiyanı əldə edəcəklər. Direktor bildirib ki, oxucular bu gündən etibarən binanın girişində yerləşdirilmiş məlumat-axtarış sistemi vasitəsilə istədikləri resursu müstəqil şəkildə sifariş edə biləcəklər.

Tədbirdə, həmçinin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı AMEA-nın Tədbirlər planına əsasən, MEK-in “Bəxtiyar Vahabzadə” adlı elektron layihəsinin istifadəyə verildiyi qeyd edilib.