Xəbər verdiyimiz kimi, Azərbaycanın tarixi Zəfərindən sonra, 2021-ci ildə mədəniyyətimizin paytaxtı Şuşada bərpa olunan Vaqif Poeziya Günləri bu il daha geniş formatla keçirilir.

Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkil etdiyi söz-sənət şöləni iyulun 14-də Qazaxda, böyük şairin doğma yurdunda başlanıb.

Vaqif Poeziya Günləri Qazax Müəllimlər Seminariyasının tarixi binasında – ADA Universitetinin Qazax Mərkəzində Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunmuş konfransla açılıb.

Tədbirin aparıcısı AYB-nin Qazax bölməsinin sədri Barat Vüsal görkəmli yazıçının Azərbaycan ədəbiyyatındakı yeri və nəsrimizə töhfələri məlumat verib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Səməd Seyidov, AYB-nin katibi Səlim Babullaoğlu, Poeziya sektorunun rəhbəri İbrahim İlyaslı və digər çıxış edənlər Yusif Səmədoğlunun yaradıcılığı, əsərləri haqqında fikirlərini bölüşüblər. Yusif Səmədoğlunun “Qətl günü” romanının milli nəsrimizdə yeni bir mərhələnin başlanğıcı olduğu diqqətə çatdırılıb.

***

Günün ikinci yarısında Qazax şəhərindəki Mütəfəkkirlər parkında Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi keçirilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Qazax rayonunun icra başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Səməd Seyidov, AYB-nin katibi Səlim Babullaoğlu açılış nitqi söyləyiblər.

Çıxış edənlər, həmçinin bu il Azərbaycanın Vətən müharibəsində Zəfərinin 5 illiyinin qeyd olunduğu xatırladaraq, poeziya bayramının belə bir əlamətdar tarixlə üst-üstə düşməsinin xüsusi rəmzi məna daşıdığını vurğulayıblar.

Tədbirin bədii hissəsində Səməd Vurğunun “Vaqif” pyesindən parça nümayiş olunub. Aşıqlar Vaqifin ölməz qoşmalarını oxuyub, saz havaları ilə tədbirə rəng qatıblar.

Bədii proqram hər kəsə xoş ovqat bəxş edib.

***

Poeziya bayramı ertəsi gün (15 iyul) Nizami yurdu Gəncədə də ədəbiyyatsevərlərin böyük marağına səbəb olub.

İlk olaraq görkəmli ədib Mir Cəlal Paşayevin ev-muzeyində poeziya saatı təşkil edilib.

AYB-nin katibi İlqar Fəhmi ölkəmizdə Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən söz açıb. Vurğulayıb ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Həmin il Ulu öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi açılıb və onun tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlanıb, Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən Azərbaycanın mədəniyyət paytaxtında keçirilir.

AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, digər şair və yazıçılar böyük söz ustadı Molla Pənah Vaqifin irsindən bəhs edib, vətənpərvərlik mövzusunda yazılmış, eləcə də böyük şairə həsr olunmuş şeirlər səsləndiriblər.

***

Vaqif Poeziya Günləri çərçivəsində Gəncə Dövlət Filarmoniyası solistlərinin, filarmoniyanın Xalq çalğı alətləri orkestrinin, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə konsert proqramı təqdim edilib.

Azərbaycanın görkəmli bəstəkarlarının yaradıcılığından incilər, Molla Pənah Vaqifin sözlərinə yazılmış və şairə həsr olunmuş mahnılar səsləndirilib.

***

Poeziya bayramının proqramında növbəti ünvan Ağdam rayonudur (16 iyul).

Vaqif Poeziya Günlərinin Şuşa mərhələsi isə, daha öncə elan edildiyi 17-18 iyulda deyil, 22-23 iyul tarixlərində keçiriləcək.