Qazax Dövlət Dram Teatrı 87-ci mövsümü başa vurub. Mövsümün sonunda türkiyəli yazıçı-dramaturq Cahit Atayın “Pusquda” pyesi əsasında hazırlanan tamaşanın premyerası olub. Yeni səhnə əsərinə Əməkdar artist Xəzər Gəncəli quruluş verib.

Sənət ocağında mövsümün sona çatması münasibətilə tədbir keçirilib.

Tədbirin aparıcısı aktyor Yusif Qoca mövsüm ərzində teatrda görülən işlər, əldə edilən nailiyyətlər barədə məlumat verib.

Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən rejissor Allahverdi Musayev bildirib ki, teatr kollektivi qarşıdakı mövsümə daha böyük layihələr planlaşdırır, repertuar klassik və müasir əsərlərlə zənginləşdiriləcək.

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Səbuhi Xasməmmədov, Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşı Azad Hümbətov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov və Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubov kollektivi mövsümdə qazanılan uğurlar münasibətilə təbrik ediblər.

Sonra Qazax Dövlət Dram Teatrı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə teatrın fəaliyyətində fərqlənən əməkdaşların mükafatlandırma mərasimi keçirilib.

Tədbir teatrın aktyorları Nəsimi Aşbazov və Zəmanə Dərvişin ifasında musiqi nömrələri ilə başa çatıb.