Mayın 23-də Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 102-ci ildönümü tamam olub.
“Ad günü” münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycan Milli Kitabxanası” adlı elektron məlumat bazası, eyniadlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Elektron məlumat bazası ilə bu linkdə tanış olmaq olar:
https://anl.az/el/emb/Milli_Kitabxana/index.html
Virtual sərgidə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi bu linkdə:
http://anl.az/el/vsb/Azerbaycan_Milli_Kitabxanasi_/index.htm
Ənənəvi sərgidə isə Milli Kitabxananın nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə biblioqrafiyalar, “Bərpanəşr” seriyası, “Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” seriyası ilə çap olunan musiqi notları, Milli Kitabxanada həyata keçirilən iş prosesləri, sənəd-informasiya fondunun formalaşdırılması, elektron resursların yaradılması, kolleksiyaların mühafizəsi və istifadəsi, təqdim edilən yeni xidmət üsulları, elmi-tədqiqat və metodik işin təşkili istiqamətləri, biblioqrafik informasiya mənbələrinin yaradılması və nəşriyyat fəaliyyəti, kitabxananın beynəlxalq əlaqələri, kitab mübadiləsi və s. haqqında ədəbiyyatlar sərgilənir.
Qeyd edək ki, Azərbaycan Milli Kitabxanası 1922-ci ildə yaradılıb, rəsmi açılışı 1923-cü ilin mayın 23-də olub. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək, onlarca yeni şöbə yaranıb, fondunda olan ədəbiyyat sayı artıb.
2004-cü ildə kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib.
Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, depozitar mərkəz funksiyalarını yerinə yetirir. 5 milyona yaxın fondu olan Milli Kitabxananın beynəlxalq əlaqələri də əhəmiyyətli dərəcədə genişlənib. Dünyanın 55 ölkəsinin kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb, 80-dən artıq ölkənin milli və universitet kitabxanaları ilə kitab mübadiləsi həyata keçirilir.